Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar
- setm63
- 17 мар.
- 1 мин. чтения
Azərbaycan Milli Aviasiya Akademiyasının (MAA) iki müəllimi və beş mühəndislik ixtisası tələbəsi Türkiyənin aviasiya və aerokosmik sənayesində praktiki təcrübə qazanmaq məqsədilə “Starteck AZTR” beynəlxalq təcrübə mübadilə proqramına qoşulub.

Proqram “Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı və Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi, eləcə də Azərbaycanın Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə həyata keçirilən tələbə mübafilə layihəsi əsasında təşkil edilib.
Bu barədə MAA-nın tədris şöbəsinin müdir müavini Ravil Mürsəlov bildirib. O qeyd edib ki, bu təlim proqramı innovasiyalar və yeni texnologiyalarla təchiz edilmiş istehsalat sahələrinin öyrənilməsi, tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət göstərir. Proqram çərçivəsində iştirakçılar aviasiya texnologiyaları, aerokosmik mühəndislik, müdafiə sənayesi və pilotsuz uçuş aparatları sahələrində qabaqcıl müəssisələrdə təcrübə keçirlər.
“Burada tələbələr istehsalat prosesləri, innovativ mühəndislik həlləri və yeni nəsil aerokosmik texnologiyalarla tanış olurlar. Milli Aviasiya Akademiyası sənaye-akademiya münasibətlərini daim ön planda saxlayaraq, tələbələrin aviasiya və aerokosmik sahədə praktiki təcrübə keçməsini prioritet istiqamət hesab edir. Bu cür beynəlxalq təlimlər tələbələrin peşəkar inkişafına töhfə verməklə yanaşı, onların gələcək mühəndislik fəaliyyətini daha da təkmilləşdirməsinə şərait yaradır”, - deyə Ravil Mürsəlov vurğulayıb.
Bildirilib ki, “Starteck AZTR” beynəlxalq təcrübə mübadiləsi proqramında iştirak edən tələbələr aerokosmik sahədə tətbiq olunan ən son yenilikləri öyrənməklə yanaşı, sektor üzrə fəaliyyət göstərən mütəxəssislərlə birbaşa ünsiyyətdə olmaq imkanı əldə edirlər. Bu təcrübə onların gələcək karyeralarında böyük rol oynayacaq və aviasiya sənayesində ölkəmizin potensialını artırmaq istiqamətində vacib addımlardan biri olacaq.