HAQQIMIZDA

Strateji Elmi Tədqiqatlar Mərkəzi

 

Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) hərbi və müdafiə xarakterli, həmçinin mülki təyinatlı innovativ layihələrin  işlənilməsi və təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatlar və təcrübə-konstruktor işlərini həyata keçirən, eləcə də əldə olunan nəticələri müvafiq sahələrdə tətbiq edən ixtisaslaşmış beyin mərkəzidir.

SETM-in prioritet fəaliyyət istiqamətləri elektronika, avtomatlaşdırma, süni intellektə əsaslanan idarəetmə sistemləri, proqram təminatı və yüksək texnologiyalar sahələrini əhatə edir. Hazırda SETM yüksəkixtisaslı peşəkar kadr potensialına malikdir. Əsas heyəti uzun illər fundamental elmlər və elmi tədqiqatlarla məşğul olmuş mütəxəssislərdən ibarətdir. Layihələrin istiqamətindən asılı olaraq, xidmət müqavilələri əsasında əlavə ixtisaslaşmış mütəxəssislər də işlərin icrasına cəlb olunur.

SETM İdarəetmə Sistemləri (İS) sahəsində strategiya və planlaşdırma xidmətləri çərçivəsində sifarişçinin məqsədlərinə uyğun İS yol xəritəsi hazırlayır və bu prosesi güclü təhlükəsizlik tədbirləri əsasında həyata keçirir. Eyni zamanda, şirkət müştərilərin biznes tələblərinə əsasən proqram təminatı və həllərin hazırlanmasında keyfiyyətli və effektiv yanaşma nümayiş etdirir.

SETM, süni intellekt (Sİ) xidmətləri vasitəsilə sifarişçilərə bu texnologiyanın potensialından səmərəli istifadə etməyə və layihələrin effektivliyini artırmağa dəstək göstərir. Şirkət imkanların müəyyənləşdirilməsindən başlayaraq, uğurlu süni intellekt həllərinin tətbiqinədək Sİ səyahətinin bütün mərhələlərində müştərilərə bələdçilik etmək üçün hazırlanmış kompleks xidmətlər paketi təqdim edir. Bununla yanaşı, SETM layihələrdə avtomatlaşdırmanın təmin edilməsi məqsədilə robototexnika xidmətləri də təklif edir.

SETM əməkdaşlarının müəllifi olduğu elmi-tədqiqat işləri müxtəlif qrant layihələrinin qalibi olmuşdur. Bu proqramlara “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs (əvvəlki Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu), SOCAR və digər yerli təşkilatlarla yanaşı, bəzi xarici qrant layihələri də daxildir.

SETM 10 ildən çoxdur ki, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən elmi-tədqiqat işlərinin (innovativ layihələrin) yekun nümunələrinin hazırlanması və sınaqdan keçirilməsi istiqamətində fəaliyyət göstərir. Bu çərçivədə “məsafədən idarə olunan xüsusi sərhəd mühafizə sistemi”, radiokanal vasitəsilə “mina və digər artilleriya atımlarının məsafədən idarə  olunması  sistemi”, geniş təyinatlı “multirotor pilotsuz üçuş aparatları (PUA)” və digər hazır məhsullar aidiyyəti qurumlarla birgə test edilmiş, uğurlu nəticələr əldə olunmuş və müvafiq sınaq aktları imzalanmışdır. Eyni zamanda, bəzi nümunələr 44 günlük Vətən müharibəsi dövründə tətbiq edilmişdir. Bununla yanaşı, hazırda müəssisədə 20-yə yaxın tədqiqat-konstruktor layihəsi də icra olunmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda keçirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı zamanı nümayiş etdirilən xüsusi təyinatlı avadanlıqlar arasında SETM-in istehsalı olan “İldırım RP-10” məsafədən partlatma sistemi də yer almışdır.

 

Tariximiz

 

Mərkəz 2015-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturundakı 1, 2 və 3 nömrəli elmi-tədqiqat laboratoriyaları, həmçinin Təcrübi-konstruktor sektoru kimi fəaliyyətə başlamışdır.

Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 8 noyabr 2016-cı il  2425 nömrəli Sərəncamına əsasən  AMEA Yüksək Texnologiyalar Parkı  yaradılmış, yuxarıda qeyd olunan laboratoriyalar və sektor AMEA-nın Əsas binasında, eyni zamanda AMEA YT Parkın ərazisində fəaliyyət göstərməyə başlamışdır.

Strateji əhəmiyyət kəsb edən hərbi-mülki və müdafiə xarakterli innovativ layihələrin həyata keçirilməsini daha da genişləndirmək və təkmilləşdirmək məqsədilə AMEA Rəyasət Heyətinin 11 iyul 2018-ci il tarixli 13/2 nömrəli qərarı ilə sözügedən laboratoriyalar və sektorun bazasında AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) yaradılmış, 14 noyabr 2018-ci il tarixli 16/3 nömrəli qərarı ilə Əsasnaməsi təsdiq edilmişdir.

2018-ci ildən başlayaraq tərkibindəki beş elmi-tədqiqat laboratoriyası və üç sektor ilə SETM-in mövcud və perspektiv layihələrinə aidiyyəti üzrə mütəxəssislər cəlb edilməklə strateji əhəmiyyətli (hərbi, müdafiə və mülki təyinatlı) müxtəlif innovativ layihələrin işlənilməsi və ya təkmilləşdirilməsi işləri həyata keçirilmişdir.

2018-2019-cu illərdə SETM tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları və ölkə üzrə digər güc strukturları, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)  və s. ilə birgə hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işlərinin (layihələrinin) hazırlanması və yekun nümunənin aidiyyəti qurumlarla testinin (sınağının) həyata keçirilməsi uğurla davam etdirilmişdir. Belə ki, hazır nümunələrin test nəticələrinə uyğun olaraq öz sinfində analoqları ilə müqayisədə qiymət baxımından sərfəli, həmçinin texniki göstəricilərinə uyğun olmasına dair müvafiq qurumlar tərəfindən müsbət rəylər bildirilmişdir.

Fəaliyyətinin ilk dörd ilində (2015-2019-cu illər) SETM tərəfindən strateji əhəmiyyətli layihələrin hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi fasiləsiz həyata keçirilmişdir. Eyni zamanda AMEA YT Parkın fəaliyyətinin daha da genişləndirilməsi sahəsində yaxından iştirak etmişdir. Belə ki, innovativ layihələrin (elmi tədqiqatların), təcrübə-konstruktor işlərinin aparılması və nəticələrinin aidiyyəti sahələrdə tətbiqi (kommersiyalaşdırılması) istiqamətində AMEA YT Parkın rezidenti olmayan SETM-in xidmətləri danılmazdır.

2019-cu ilin dekabr ayında AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə SETM struktur vahidi olaraq ləğv edilmişdir.

2020-ci ildən SETM fəaliyyətini özəl qurum olaraq davam etdirmiş, həmin ilin 4 mart tarixində “SETM” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq dövlət qeydiyyatına alınmışdır.

Strateji əhəmiyyətli innovativ layihələrin həyata keçirilməsi sahəsində SETM-in on ildən çox təcrübəsi mövcuddur və bu fəaliyyətin daha da genişləndirməsi məqsədilə tərəfimizdən lazımi addımlar atılmaqdadır.

Hazırda Strateji Elmi Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, onun elmi tədqiqat müəssisələri, həmçinin Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, o cümlədən ölkə üzrə digər güc strukturları ilə sıx əməkdaşlıq etməkdədir.

 

“Tərəqqi” medalı və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş,
AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) rəhbərinin sabiq müavini (2019),
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tətbiqi Tədqiqatlar üzrə Elmi Şuranın sabiq üzvü (2019-2020),
“SETM” MMC-nin direktoru fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov