Türkiyənin müdafiə sənayesinin qabaqcıl şirkətlərindən olan “Baykar” Azərbaycanda “Bayraktar Teknoloji Azerbaycan” adı ilə şirkət quraraq, iki qardaş ölkə arasında müdafiə və texnologiya sahəsində əməkdaşlığı institusional səviyyəyə çatdırıb.
Şirkətin yaradılmasının əsas məqsədi Pilotsuz Uçuş Aparatı (PUA) sistemlərinin istehsalı, texniki xidmət-təmir xidmətləri və texniki təlim sahələrində Azərbaycanın daxili imkanlarını artırmaq olaraq elan edilib.
“Baykar”ın texnologiya lideri Selçuk Bayraktar mövzu ilə bağlı sosial media hesabından verdiyi açıqlamada bildirib: “Can Azərbaycanda “Bayraktar Teknoloji”ni qurduq! Qardaşlığımız naminə yüksək texnologiya, tam müstəqillik üçün birlikdə işləyirik”.
Sumqayıtda istehsalat obyekti
2025-ci ilin may ayından etibarən “Baykar” Sumqayıt Kimya Sənaye Parkında “rezident statusu” alaraq, Azərbaycanda ilk istehsal müəssisəsinin yaradılması üçün rəsmi prosesə başlayıb.Obyektin “Bayraktar TB2” və “Akıncı” kimi qabaqcıl PUA-ların yerli istehsalına imkan verəcək infrastrukturu yaratması gözlənilir.
Bundan əlavə, 2025-ci ilin mart ayına qədər “Bayraktar Teknoloji Azerbaycan”da 200-dən çox mühəndis və texniki işçi işlə təmin olunub. Şirkət istehsal və təlim fəaliyyətinin genişləndirilməsi ilə bu rəqəmin artacağını bildirir.
“Baykar”ın İdarə Heyətinin sədri Selçuk Bayraktar Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşləri zamanı şirkətin fəaliyyət sahələri və məqsədləri barədə məlumat verib.
Görüşlərdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın qardaşlıq zəminində dərinləşdiyi vurğulanıb.
İlham Əliyev bundan daha öncə verdiyi açıqlamada bildirmişdi ki, “Baykar”ın Azərbaycanda quracağı istehsal, texniki xidmət və tədris mərkəzinin açılışının 2024 və ya 2025-ci illərdə həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan daha əvvəl 2020-ci il Vətən müharibəsində fəal şəkildə istifadə edilən “Bayraktar TB2” zərbə PUA-larını öz inventarına əlavə edib, daha sonra “Bayraktar Akıncı” zərbə PUA-sının ilk beynəlxalq müştərilərindən biri olub.
Məqsəd yeni şirkət vasitəsilə texniki, sənaye və insan resursları ölçülərində bu əməkdaşlığı daha da inkişaf etdirməkdir.
Ekspertlər “Bayraktar Teknoloji Azerbaycan”ın yaradılmasını iki ölkə arasında təkcə müdafiə əməkdaşlığının deyil, həm də regional müdafiə balansının yenidən formalaşdığı prosesin bir hissəsi kimi qiymətləndirirlər.