Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) koordinasiyası ilə ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE əməkdaşlığı çərçivəsində inkişaf etdirilən “Siper” layihəsi Türkiyənin hava məkanının müdafiəsində strateji bir boşluğu doldurur.
Sistemin zərbə gücünü təşkil edən raketləri inkişaf etdirən ROKETSAN-ın baş direktoru Murat İkinci layihədəki son vəziyyətlə bağlı mühüm məlumatlar verib.
Hazırda istifadədə olan “Siper Blok-1” raketlərinin imkanlarına diqqət çəkən İkinci qeyd edib: “Siper” raketləri çox dəyərli və imkanlıdır. Hazırda 100 km-dən yuxarı məsafədəki təhdidlərin qarşısını ala bilir”.
İnkişaf işlərinin fasiləsiz davam etdiyini bildirən İkinci növbəti mərhələyə keçid barədə müjdə verib: “Siper Blok-2” çox yaxın zamanda istifadəyə veriləcək və mənzil 150 km-yə qədər artırılacaq. Beləliklə, sistem daha geniş əhatə dairəsinə malik olacaq”.
ROKETSAN baş direktoru “Siper” kimi kritik layihələrin inkişaf etdirilməsinin Türkiyənin müdafiə sənayesində müstəqillik iradəsinin bir göstəricisi olduğuna diqqət çəkib. Keçmişdə bu cür texnologiyalara çıxışda qarşılaşılan dolaylı və açıq embarqolara toxunan İkinci bu maneələrin Türkiyəni qorxutmadığını, əksinə daha da təşviq etdiyini bildirib.İkinci bu məsələyə dair fikirlərini belə ifadə edib: “Əslində embarqo tətbiq edən ölkələrin fikri bu idi ki, Türkiyə bunun öhdəsindən gələ bilməz, bu nöqtədə geri çəkilər və ehtiyaclarını xaricdən təmin etmək üçün müəyyən güzəştlərə getməyə məcbur qalar. Amma çox şükür ki, bu günə gəldikdə, bizim müdafiə sənayemiz yalnız güclü ordumuzun bütün ehtiyaclarını qarşılamaqla qalmayıb, həmçinin dünyadakı məzlum coğrafiyalarda, dost və qardaş ölkələrin ordularının da ehtiyaclarını qarşılaya biləcək səviyyəyə gəlib”.
Qeyd edək ki, “Siper” Türkiyənin “Çelik Kubbe” (Polad Günbəz) adlandırılan, alçaq, orta və yüksək hündürlükləri əhatə edən inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin ən üst təbəqəsini təşkil edir.