XƏBƏRLƏR

Yeniliklər 20 Avqust 2025, 19:43

“Poliqon” jurnalında SETM şirkətinin istehsalı olan “İldırım RP-10” sistemi ilə bağlı məqalə yayımlanıb

“Poliqon” jurnalında SETM şirkətinin istehsalı olan “İldırım RP-10” sistemi ilə bağlı məqalə yayımlanıb

Azərbaycan Quru Qoşunlarının arsenalında yer alan sistemlərdən biri də yerli SETM şirkətinin istehsalı olan “İldırım RP-10” radiokanal vasitəsilə mina və digər atımların məsafədən idarəolunma sistemidir.

2024-cü il iyunun 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib, habelə mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir silah və texnikaya baxış keçirib. Bu vaxt Baş Qərargah rəisinə mühəndis qoşunlarının inventarında yer alan “İldırım RP-10” məsafədən partlatma sistemi haqqında məlumat verilib.

Qeyd edək ki, bu sistem Azərbaycan Müdafiə Nazirliyinin bütün korpuslarında və Naxçıvan MR-in Türkiyə ilə birgə keçirilə təlimlərdə dəfələrlə istifadə olunub. Təlimlər zamanı tələblərə uyğun olaraq, müxtəlif təyinatlar üzrə açıq və dağlıq (mürəkkəb relyefli) ərazilərdə real döyüş sınaqları keçirilib. Aidiyyəti qurumların məsul şəxsləri ilə sınaq alətləri tərtib edilib. Aktların nəticəsi təsdiq edir ki, “İldırım RP-10” layihəsinin silahlı qüvvələrdə istifadəsi məqsədə uyğundur.

“İldırım RP-10” sistemi analoqları ilə bir çox üstünlüklərinə görə fərqlənir. “İldırım RP-10” sisteminin əsas üstünlüyü rabitə kanalının şifrələnmiş olmasıdır. Bu, ilk növbədə kənar müdaxilələrin qarşısını alır. Sistem hazırlananda istifadəçinin təhlükəsizliyinin tam təmin olunması nəzərə alınıb. Seçilmiş dalğa uzunluğu maneələrin arxasında belə cihazı işlətməyə imkan verir. Bolqarıstan və Rusiya şirkətlərinin təqdim etdikləri bənzər sistemlər konkret partlayıcının üzərində qurulub. SETM məhsulu isə daha universaldır. Onu elektrodetenatorla təchiz olunmuş istənilən partlayıcıya (mina, döyüş sursatı və s.) inteqrasiya etmək olar. “İldırım RP-10” sisteminin digər üstünlüyü daşınmasının rahatlığı, qiymətinin xarici analoqları ilə müqayisədə ucuz olmasıdır.

“İldırım RP-10” məmulatı 5 km-ə qədər radiusu olan birbaşa görüntü zonasında və 3 km-ə qədər maneə arxasında yerləşən düşmən mövqelərini  məsafədən radiokanal  vasitəsi ilə partlayışla məhv etmək qabiliyyətinə malikdir. Məmulatı elektrodetenatorla təchiz olunmuş bütün növ mina və digər partlayıcıları partlatmaq üçün istifadə etmək olar.