Türkiyənin Qurtuluş savaşında qazandığı zəfər qardaş ölkənin zəngin tarixinin ən şərəfli səhifələrindən biridir.
Bu sözləri müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə Bakıda keçirilən qəbulda söyləyib.
“Türkiyənin Quru Qoşunları komandanı, Ordu generalı Selçuk Bayraktaroğlunun yaxın günlərdə ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. Bu proses bu gün də davam etdirilir. Cari il ərzində ümumilikdə 30-dək hərbi təlim keçiriləcək. Eyni zamanda, 70-dən artıq konfrans, kurs, məşq və seminar təşkil olunub. İlin sonunadək bu tədbirlərin sayının artırılması və miqyasının genişləndirilməsi nəzərdə tutulur", - deyə K.Vəliyev əlavə edib.