Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə təlimi keçirilir. Sentyabrın 9-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin təntənəli açılış mərasimində iştirak edib.

Əvvəlcə Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov təlim iştirakçılarının açılış mərasiminə hazır olduqları barədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edib.


Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunub. Hərbi orkestrin müşayiəti ilə iştirakçı ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.
Zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi “Sonsuz qardaşlıq- IV” çoxmillətli birgə təlimində 6 ölkənin xüsusi təyinatlı hərbi qulluqçuları iştirak edirlər.

Birgə təlimin əsas məqsədinin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsi olduğu diqqətə çatdırılıb.

General-polkovnik Z.Həsənov açılış mərasimində çıxış edərək qeyd edib ki, artıq dördüncü dəfədir keçirilən və ənənəvi xarakter almış “Sonsuz qardaşlıq – IV” təlimi iştirakçı ölkələr arasında hərbi əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin canlı nümunəsidir. Müdafiə naziri bildirib ki, bu kimi təlimlər yalnız hərbi təcrübə mübadiləsi və praktiki bacarıqların artırılması baxımından deyil, həm də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülhün qorunması üçün strateji əhəmiyyətə malikdir.
Sonra müdafiə naziri təlim iştirakçıları üçün yaradılmış şəraitlə tanış olub.
Təlimin növbəti günlərində xüsusi təyinatlı bölmələr döyüş taktikaları üzrə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Sentyabrın 15-də isə “Yüksək səviyyəli Müşahidəçi Günü” keçirilib. Tədbirdə müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, nazirliyin digər vəzifəli şəxsləri, eləcə də iştirakçı ölkələrdən olan yüksək səviyyəli qonaqlar və ölkəmizdə akkreditə olunmuş hərbi attaşelər iştirak ediblər.


Əvvəlcə ərazinin maketi üzərində təlimin ümumi gedişatı, qarşıda duran tapşırıqların məqsədi və icra olunma ardıcıllığı barədə məlumat verilib. Sonra təlim poliqonunda digər qoşun növləri ilə qarşılıqlı əlaqədə xüsusi əməliyyat tapşırıqları icra olunub. Təlimin yekununda iştirakçı ölkələrin bayraqları ilə paraşüt tullanışları həyata keçirilib.


Baş Qərargah rəisi təlimin gedişatını və hərbi qulluqçuların döyüş hazırlığını yüksək qiymətləndirib, iştirakçılara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
“Sonsuz qardaşlıq – IV” təlimində Belarus, İtaliya və Macarıstan respublikalarının nümayəndə heyəti müşahidəçi qismində iştirak edib.
“Sonsuz qardaşlıq- IV” çoxmillətli birgə təliminin ən əlamətdar hadisələrindən biri də Azərbaycan Quru Qoşunlarının arsenalında yer alan və Strateji Elmi Tədqiqatlar Mərkəzinin istehsalı olan “İldırım RP-10” radiokanal vasitəsilə mina və digər atımların məsafədən idarəolunma sisteminin təlimlərdə istifadəsi olub.


Belə ki, SETM şirkətinin məhsulu təlimlərdə iştirak edən Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə hərbi nümayəndələrinin diqqətini çəkib və yüksək qiymətləndirilib.

Qeyd edək ki, “İldırım RP-10” sisteminin əsas üstünlüyü rabitə kanalının şifrələnmiş olmasıdır. Bu, ilk növbədə kənar müdaxilələrin qarşısını alır. Sistem hazırlananda istifadəçinin təhlükəsizliyinin tam təmin olunması nəzərə alınıb. Seçilmiş dalğa uzunluğu maneələrin arxasında belə cihazı işlətməyə imkan verir. Onu elektrodetenatorla təchiz olunmuş istənilən partlayıcıya (mina, döyüş sursatı və s.) inteqrasiya etmək olar. “İldırım RP-10” sisteminin digər üstünlüyü də daşınmasının rahat olmasıdır.
