XƏBƏRLƏR

Yeniliklər 26 Sentyabr 2025, 09:13

Dünyanı xilas edən 22 yaşlı azərbaycanlı dahi

Dünyanı xilas edən 22 yaşlı azərbaycanlı dahi

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Lətif Vəliyev 1912-ci ildə İmişli rayonunun Məmmədli kəndində anadan olmuşdur. Kənddə doğulsa da, bu balaca vunderkindin gələcəkdə dahi olacağı onu tanıyanlara bəlli idi.

Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldığı müddətdə o, hamının diqqətini cəlb etməyi bacarır. Onun Tibb Universitetində apardığı araşdırmalar SSRİ rəhbərliyinin diqqətini çəkir. Moskvadan gənc alimin apardığı elmi arşdırmaların dayandırılması haqqında göstəriş verilir. Lakin bir müddət sonra ona yenidən araşdırmalarını aparmağa icazə verilir.

Gənc alim virusla mübarizə üçün vaksinlər hazırlamağa başlayır. Ölkəni bürüyən epidemiyanın qarşısını alacaq vaksin artıq hazır idi. Artıq Lətif Vəliyevin adı və soyadı bütün dünyada məşhur idi.

1934-cü ildə SSRİ-də “Yustinian taunu” və epidemiyalara qarşı vaksinlər axtarılmağa başlandı. Qısa zamanda gənc alim Lətif Vəliyev “Yustinian taunu” üçün vaksinlər hazırlayır. Qərb mətbuatı onu “Şərqin İbn Sinası” adlandırırdı. Lakin gənc alimin çıxışları onun sevməyənləri daha da hiddətləndirirdi.

1934-cü ildə o, insanların bir ərazidən başqa əraziyə deportasiyasını xəyanət adlandırdı. 1934-cü ildə Saratova göndərilir. Artıq bu şəhərdə minlərlə insan taundan dünyasını dəyişmişdi. Gənc alim ixtira etdiyi “Muğan” və “Aran” vaksinləri ilə insanları xilas edir. İnsanlar onu “Professor Vəliyev” adlandırırdı.

Böyük Britaniyanın “Mİ-6” kəşfiyyat idarəsinin Qafqaz regionlarını araşdıran strateji-analitik qrupunun başçısı polkovnik G.Menqell ölkəsinin XİN-nin rəhbərliyinə yazdığı arayışda taun əleyhinə vaksinləri ixtira edən azərbaycanlı Lətif Vəliyev haqqında ayrıca danışırdı. O, iddia edirdi ki, Lətif Vəliyevə (söhbət ölümdən qabaqkı hadisələri əhatə edirdi) ediləcək sui-qəsdin qarşısının alınması üçün Moskvaya mütləq müraciət olunmalıdır. Çünki professorun etdiyi kəşflər ölkəsindən asılı olmayaraq, onun qorunmasını tələb edirdi. Moskva isə ona ötürülən məlumata əhəmiyyət vermədi.

London mətbuatı iki gündən sonra azərbaycanlı alimin Saratovda nəşr olunması nəzərdə tutulan “Genetika” kitabının təhlilini verdi. London mətbuatında bu açıqlamalar kitabı nəşr etməyə hazırlaşan “Zvezda” nəşriyyatının direktoru E.M.Davıdova baha başa gəldi. Nəticədə kitabın çapı dayandırıldı. Lətif Vəliyevə təklif olundu ki, yenidən işləsin və nəşr üçün kitab Moskvaya göndərilsin.

Gənc alim Lətif Vəliyev 1934-cü ilin noyabrın 15-də hərbi xəstəxanaya yerləşdirilir. Məlum olur ki, Lətif Vəlieyev 3 gün öncə zəhərlənib. Bütün dünyanı xilas edən gənc alimi ölümün pəncəsindən xilas etmək mümkün olmur.

Cəmi 22 il yaşayan Lətif Vəliyev öz ixtiraları ilə “Şərqin İbn Sinası” olduğunu bir daha sübut edir.