Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Ramiz Mahmud oğlu Paşayev 13 yanvar 1939-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 7 uşaqlı ailənin son övladı olan Ramiz hələ 15 günlüyündə bacısı Zərifənin qucağından yıxılaraq görmə qabiliyyətini tam itirir.
Anası oğlunun oxumağını istəyirdi və 1950-ci ildə onu Buzovnada yerləşən görmə məhdudiyyətli uşaqlar üçün orta internat məktəbinə qoyurlar.
1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olur. O, nəsillərində ilk ali təhsil alan şəxs olur. Tələbəlik illərində ərəb və fars dillərinə dərindən yiyələnir. Şərqşünas Əkrəm Cəfərov və şair Əli Fəhmidən dərs alır. Əli Fəhmi ona “Faseh”, yəni “səlis, aydın danışan” təxəllüsünü verir.
1966-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Bülbülə qəsəbəsindəki müxtəlif məktəblərdə ədəbiyyat, Azərbaycan dili və musiqi müəllimi kimi çalışır. O, şagirdlərini addım səsindən tanıyırdı.
Dövrünün görkəmli xanəndələri ondan dərs alırdılar. Nizami Gəncəvinin əsərlərini fars dilində orjinaldan oxuyan alim qəzəllərinin müfəssəl şərhini verir, təhlil edirdi. O, həm də tarda gözəl ifa edir, muğamları şərh edirdi. Zəngin kitabxanası olan Ramiz Faseh bəzi kitabları Brayl əlifbası ilə oxuyur, bəzilərini isə oğlu Nəsiminin və qiraətçilərin səsi ilə dinləyirdi. Ailəsi onun bu əlifbanın yaradıcısı Lui Brayl üçün daim dua etdiyini deyir. Ona dəfələrlə müalicə təklif olunsa da, imtina edərək deyirdi: “Birdən mənim gözüm açılar, yaddaşım, elmim itər. Bu mənim üçün ölümə bərabərdir”.
Ramiz Faseh klassik ədəbiyyatımızın mahir bilicisi, Füzuli, Nəsimi poeziyasının tədqiqatçısı olmuşdur və onlara, eləcə də muğamlarımıza həsr etdiyi 5 kitabın müəllifidir.
Onun həyat və yaradıcılığından bəhs edən “Qəlbin gözü - Ramiz Faseh” sənədli filmi çəkilmişdir. R.Faseh filmdə əruz vəznində yazılan şeirlərin musiqi ilə vəhdəti haqqında maraqlı məlumatlar verir. Həm də tədqiqatçının məşhur xanəndələrlə görüşləri, söhbətləri, gənclərə faydalı məsləhətləri əksini tapmışdır.
Ramiz Faseh 8 avqust 2012-ci ildə 73 yaşında vəfat etmişdir.