XƏBƏRLƏR

Yeniliklər 01 Oktyabr 2025, 12:14

Riyazi analiz sahəsində tanınmış alim

Riyazi analiz sahəsində tanınmış alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Qaraxan Ağaxan oğlu Mirzəyev

Qaraxan Ağaxan oğlu Mirzəyev 28 yanvar 1951-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur. Erkən yaşlarından elmə böyük maraq göstərən Qaraxan Mirzəyev sonralar Azərbaycanın və beynəlxalq elmi ictimaiyyətin tanıdığı görkəmli riyaziyyatçılardan biri olmuşdur.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-Riyaziyyat fakültəsini bitirmişdir. Daha sonra elmi fəaliyyətini davam etdirmək üçün Moskva Dövlət Universitetinə üz tutmuş və 1979-cu ildə universitetin Mexanika və Riyaziyyat fakültəsinin funksiyalar nəzəriyyəsi və funksional analiz şöbəsində aspirant olmuşdur.

1981-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1995-ci ildə isə Moskva Dövlət Universitetində fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. Onun ixtisas sahəsi riyazi analizdir (01.01.01 ixtisası üzrə).

2000-ci ildən etibarən Qaraxan Mirzəyev Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasında professor vəzifəsində çalışır.

2002-ci ildən isə həmin fakültədə aspirantura rəhbəri olaraq fəaliyyət göstərir. O, həmçinin Pomeranian Dövlət Universitetində (Arxangelsk) riyazi analiz üzrə rəhbərlik etmiş, bir çox tələbələrin yetişməsində mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə 3 doktorant namizədlik dissertasiyası müdafiə etmişdir.

2008-ci ildən Qaraxan Mirzəyev Moskva Dövlət Universitetinin Bakı filialında, Tətbiqi Riyaziyyat fakültəsinin Riyazi Təhlil kafedrasında professor vəzifəsində çalışaraq Azərbaycanda da gənc riyaziyyatçıların yetişməsinə töhfə verir.

Qaraxan Mirzəyev operatorların spektral nəzəriyyəsi və onun müxtəlif tətbiqləri sahəsində tanınmış mütəxəssisdir. 

34 elmi məqaləsi Rusiya Elmlər Akademiyasının nüfuzlu elmi jurnallarında dərc edilmişdir. Bir çox beynəlxalq konfrans və simpoziumlarda dəvətli məruzəçi kimi çıxış etmişdir. Beynəlxalq elmi ictimaiyyətdə Azərbaycan elminin təmsilçilərindən biri kimi tanınır.

Qaraxan Mirzəyev elmi nailiyyətləri, tələbə və gənc alimlərə göstərdiyi dəstək ilə Azərbaycan elminin inkişafına mühüm töhfələr verməyə davam edir.