XƏBƏRLƏR

Yeniliklər 28 Oktyabr 2025, 13:02

Pilotsuz uçuş aparatları ilə bağlı aparılan tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub

Pilotsuz uçuş aparatları ilə bağlı aparılan tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib.

İnstitutun doktorantı Orxan Vəlixanlı məruzəni təqdim edərək dissertasiya işinin aktuallığı, məqsədi, elmi yeniliyi, qarşıya qoyulmuş məsələlər, eləcə də iş çərçivəsində aparılmış elmi-praktik tədqiqatların nəticələri haqqında məlumat verib. Qeyd edib ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” və “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”ndan irəli gələn məsələlər, o cümlədən son dövrlərdə pilotsuz uçuş aparatlarının (PUA) həm mülki, həm də hərbi sahədə geniş tətbiq olunması və s. bu kimi amillər dissertasiya işinin aktuallığını şərtləndirir.

O.Vəlixanlı bildirib ki, dissertasiya işinin məqsədi PUA-lara edilən bəzi növ kiberhücumları yüksək dəqiqliklə aşkarlaya bilən, sürətli, özü-özünə öyrənən, bu hücumların təsirinə qarşı dayanıqlı olan intellektual metod və alqoritmlərin işlənməsidir.

Tədqiqatçı dissertasiya işi üzrə “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizlik üzrə elmi-nəzəri problemlərinin analizi” ilə bağlı PUA-ların əsas komponentləri, funksional missiyasının araşdırıldığını, təsnifatının aparıldığını, bu aparatların kibertəhlükəsizlik problemlərinin ətraflı tədqiq olunduğunu diqqətə çatdırıb.

Dissertasiya işinə dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.