Prezident İlham Əliyevin 7 noyabr 2025-ci il tarixində imzaladığı Sərəncamla Vaqif Qurbanova ölümündən 33 il sonra Milli Qəhrəman adı verilib.
Baş leytenant Vaqif Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından (həmin vaxt MDB hərbi qüvvələrinə məxsus Sitalçayda yerləşən) “Su-25” təyyarəsini qaçırmaqla tarixə düşüb. Həmin hadisə 1992-ci ilin 8 aprel tarixində baş verib.
Şuşanın işğalı günündən sonra Vaqif Qurbanov bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb və düşmən mövqelərinə çoxsaylı zərbələr endirib. Təyyarə elə həmin il iyunun 13-də Qarabağ səmasında - Ağdamın Şelli kəndi yaxınlığında ermənilər tərəfindən vurulub.
Lakin cəsur pilot haqqında uzun illər xəbər çıxmayıb. Yalnız hadisədən yeddi il sonra Vaqif Qurbanovun Qarabağ uğrunda gedən döyüşlərdə həlak olduğu barədə ailəsinə xəbər verilib.