XƏBƏRLƏR

Yeniliklər 13 Yanvar 2026, 08:52

Rusiya “Su-75 Checkmate”in ilk uçuş tarixini açıqlayıb

Rusiya “Su-75 Checkmate”in ilk uçuş tarixini açıqlayıb

Rusiya “Su-75 Checkmate” kimi tanınan tək oturacaqlı və tək mühərrikli beşinci nəsil supersəs döyüş təyyarəsinin ilk uçuşunun bu il ərzində həyata keçirilməsini planlaşdırır.

Təyyarə ilk dəfə 2021-ci ilin avqustunda keçirilən MAKS Aviasiya Sərgisində maket şəklində təqdim olunmuşdu və proqram hazırda sınaq mərhələsinin başlanğıcına hazırlaşır.

“Sukhoi” tərəfindən hazırlanmış “Su-75 Checkmate” 2021-ci ildə keçirilən MAKS Aviasiya Sərgisində ictimaiyyətə təqdim edilib. “Yüngül qırıcı” kimi adlandırılmasına baxmayaraq, təyyarənin ölçülərinin daha çox orta sinfə məxsus qırıcı təyyarələrə yaxın olduğu bildirilib. Təqdimat zamanı onun beşinci nəsil qırıcı olduğu vurğulanıb və F-35-i hədəf alan animasiya nümayiş etdirilib.

Proqramın texniki çərçivəsi

2021-ci ildə təqdim edilən “Sukhoi Su-75 Checkmate” Rusiyanın Birləşmiş Təyyarə Korporasiyasının (United Aircraft Corporation - UAC) tərkibində “Sukhoi” tərəfindən inkişaf etdirilən tək mühərrikli qırıcı təyyarə proqramı kimi xarakterizə olunur.

Uçağın aşağı radar görünmə qabiliyyətinə malik, yüksək manevr qabiliyyətli, sürətli və çoxməqsədli platforma kimi layihələndirildiyi qeyd olunur. Həm hava döyüşü, həm də hücum tapşırıqları üçün nəzərdə tutulan “Su-75”in Rusiya Hava-Kosmik Qüvvələrinin cəbhə aviasiyasında “MiQ-29”un yerini tutması planlaşdırılır. Qlobal silah bazarında isə 4++ nəsil döyüş təyyarələri və müasir F-16 modelləri ilə rəqabət aparması gözlənilir.

Sınaq prosesi və rəsmi açıqlamalar

Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rostec”in prezidenti Sergey Çemezov yaxın vaxtlarda verdiyi açıqlamada prototipin ilin əvvəlində yerüstü sınaqlara başlayacağını bildirib. Çemezov deyib: “Əsas etibarilə biz artıq sınaq uçuşları mərhələsinə demək olar ki, çatmışıq və yaxın gələcəkdə seriyalı istehsala keçəcəyik”.

“Sukhoi”nin baş sınaq pilotu Sergey Boqdan isə sınaq uçuşlarının qrafiki ilə bağlı olaraq qeyd edib: “Məncə bu, (sınaq uçuşu) 2026-cı ilin əvvəlində olacaq”. “Rostec” prototipin konstruktiv baxımdan tamamlandığını və inteqrasiya mərhələsindən keçdiyini açıqlayıb.

Təxirə salınan uçuş tarixləri

2021-ci ildə keçirilən ilk təqdimat zamanı UAC uçuşa yararlı “Su-75” prototipi üzərində iş aparıldığını bildirmişdi. Təyyarənin ilk uçuşu üçün əvvəlcə 2023, daha sonra 2024 və 2025-ci illər hədəf göstərilmiş, lakin bu tarixlər sonradan təxirə salınmışdı.