XƏBƏRLƏR

Yeniliklər 28 Yanvar 2026, 13:23

Azərbaycanın 15 ali təhsil müəssisəsi “QS Avropa 2026” reytinqində yer alıb

Azərbaycanın 15 ali təhsil müəssisəsi “QS Avropa 2026” reytinqində yer alıb

“QS World University Rankings (WUR): Europe 2026”nın nəticələri açıqlanıb.

UNEC bu reytinqdə Azərbaycanda və Cənubi Qafqazda birinci olub. Universitet Avropada 271-ci, Qərbi Asiyada isə 12-ci yerə yüksəlib.

Bakı Dövlət Universiteti isə ötən illə müqayisədə 58 pillə irəliləyərək, Avropa universitetləri arasında mövqeyini möhkəmləndirib və 278-ci pillədə qərarlaşıb.

Avropanın ən yaxşı universitetləri reytinqində növbəti dəfə yer alan Bakı Mühəndislik Universiteti (BMU) isə ötən illə müqayisədə 96 pillə irəliləyərək 395-ci mövqeyə yüksəlib. BMU ölkə üzrə 5-ci sırada dayanır.

“QS Avropa” Avropanın aparıcı ali təhsil müəssisələrini qiymətləndirən beynəlxalq reytinq siyahısıdır. Reytinq tədqiqat keyfiyyəti və məhsuldarlığı, akademik reputasiya, işəgötürənlər arasında nüfuz, beynəlmiləlləşmə göstəriciləri, tədris mühiti və davamlılıq kimi əsas meyarlar üzrə hazırlanır. Bu reytinq siyahısı Avropa universitetlərinin qlobal miqyasda rəqabət qabiliyyətini, akademik və elmi potensialını obyektiv şəkildə müqayisə etməyə imkan yaradır və ali təhsil müəssisələri üçün mühüm göstərici hesab olunur.

Azərbaycan bu reytinq siyahısında ilk dəfə olaraq 15 ali təhsil müəssisəsi ilə təmsil olunur ki, bu da ötən illə müqayisədə reytinqdə yer alan ölkə ali təhsil müəssisələrinin sayında 67 faiz artım deməkdir.