XƏBƏRLƏR

Yeniliklər 09 Fevral 2026, 11:36

Türkiyənin yeni hava gücü “Eurofighter” diqqət mərkəzində

Türkiyənin yeni hava gücü “Eurofighter” diqqət mərkəzində

Türkiyə ilə Böyük Britaniya arasında “Eurofighter Typhoon Tranche 4” döyüş təyyarələrinin tədarükünə dair imzalanmış müqavilədən sonra çatdırılma prosesi və aralıq həll yolları aydınlaşmağa başlayıb.

Türkiyə Hərbi Hava Qüvvələrinin təcili ehtiyacları çərçivəsində Qətər və Oman ilə aparılan danışıqlar davam edərkən, yeni istehsal edilən təyyarələrin təhvil qrafiki də formalaşır.

“SavunmaSanayiST” Ər-Riyadda keçirilən “World Defense Show” sərgisi çərçivəsində “Eurofighter Typhoon” döyüş təyyarəsini yerində araşdırdığını açıqlayıb.

Böyük Britaniya ilə 7 milyard avroluq müqavilə

Türkiyə və Böyük Britaniya yaxın zamanda “Eurofighter Typhoon Tranche 4” döyüş təyyarələrinin tədarükünə dair mühüm müqavilə imzalayıb. Müqaviləyə əsasən, 20 ədəd yeni istehsal olunmuş “Eurofighter Typhoon Tranche 4” təyyarəsi ilə yanaşı əlavə sursat və podların da tədarükü nəzərdə tutulur. Razılaşmanın ümumi dəyəri 7 milyard avro olaraq açıqlanıb.

Tədarük paketinə sursat və podların daxil edilməsi razılaşmanın məzmunu baxımından üstünlük yaradır. “Eurofighter” konsorsiumunun üzvləri olan İspaniya, Almaniya və İtaliyanın tədarük paketləri ilə müqayisədə, Türkiyənin bu razılaşmanı konsorsium ölkələrinə yaxın maliyyətlə reallaşdırdığı bildirilir. Böyük Britaniya hökuməti və “BAE Systems” ilə imzalanan müqavilənin digər konsorsium ölkələrinin ödədiyi məbləğlərə yaxın olduğu qeyd olunur.

Qətər və Oman ilə aralıq həll planı

Türkiyə “Eurofighter” proqramı çərçivəsində Böyük Britaniyadan yeni istehsal olunmuş təyyarələri tədarük edərkən, təcili ehtiyacları qarşılamaq məqsədilə Qətər və Omandan ikinci əl döyüş təyyarələrinin alınması üçün danışıqları davam etdirir. Bu istiqamətdə atılan ilk konkret addım Böyük Britaniya ilə imzalanan müqavilə olub.

Qətər və Oman ilə aparılan təmaslar davam edərkən, Hava Qüvvələri Komandanının bu iki ölkəyə səfərlər etdiyi, son olaraq Türkiyə, Qətər və Böyük Britaniya arasında üçtərəfli görüş keçirildiyi bildirilib. Qətərdən tədarükü planlaşdırılan təyyarələrin fevral və ya mart aylarında Türkiyəyə gəlməsinin gözlənildiyi qeyd olunur. Bu təyyarələrin ən gec 2026-cı ilin may-iyun aylarında Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılır.

Böyük Britaniyadan tədarük ediləcək sıfır istehsal “Eurofighter Typhoon Tranche 4” təyyarələrinin 2030-cu ildən etibarən Türkiyə Silahlı Qüvvələrinə və Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulur. Bu müddət ərzində türk pilotlarının “Eurofighter” üzrə təlimlərinin Qətərdə davam etdiyi bildirilir.

Qətərdə Türkiyəyə məxsus bir hava qüvvəsi komandanlığı mövcuddur. Türkiyəli pilotlar Qətər Hərbi Hava Qüvvələrinin inventarındakı simulyatorlarda təlim fəaliyyətlərini davam etdirirlər. Təlimlərin Qətər Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” və “Eurofighter” təyyarələri ilə birgə həyata keçirildiyi qeyd olunur.

Oman tədarükü hələ dəqiqləşməyib

Oman-dan 10-12 ədəd Eurofighter təyyarəsinin tədarükü planlaşdırılır, lakin prosesin hələ yekunlaşmadığı bildirilir. Oman inventarındakı təyyarələrin daha köhnə olduğu, Böyük Britaniya və Qətərdən tədarük ediləcək təyyarələrdə AESA radar olduğu halda, Oman inventarındakı təyyarələrdə AESA radarın olmadığı məlumdur.

Oman tədarükü təsdiqlənərsə, bu təyyarələrin əvvəlcə Böyük Britaniyaya göndərilməsi və “BAE Systems” tərəfindən radar başda olmaqla bir sıra sistemlərinin modernləşdirilməsi planlaşdırılır. Modernləşmədən sonra təyyarələrin “Tranche 4” səviyyəsinə yüksəldilərək Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsi, modernləşmə xərclərinin isə Türkiyə tərəfindən qarşılanması gözlənilir.

Tədarük ediləcək sursatlar

“Eurofighter Typhoon” təyyarələri ilə birlikdə “Meteor” “ramjet” mühərrikli “hava-hava” raketlərinin də tədarük edilməsi planlaşdırılır. “Meteor”un hazırda aktiv istifadədə olan və uzun mənzilli “hava-hava” raketləri sırasında yer aldığı bildirilir. Türkiyənin bu çərçivədə “Eurofighter”larla birlikdə əhəmiyyətli sayda “Meteor” raketi əldə etməsi gözlənilir.

Bununla yanaşı, Türkiyənin yerli və milli sursatlarını “Eurofighter Typhoon” təyyarələrinə inteqrasiya etməyi planlaşdırdığı, bu mövzuda Türkiyə ilə Böyük Britaniya arasında razılaşmanın mövcud olduğu qeyd olunur.