Avropa insansız sistemlər sahəsində rəqabəti yalnız hava platformaları ilə məhdudlaşdırmayaraq, onu sualtı mühitə də daşıyır.
Avropa Müdafiə Agentliyi tərəfindən həyata keçirilən “Swarm of Biomimetic Underwater Vehicles” (SABUVIS) layihəsi çərçivəsində şəbəkə bağlantılı, avtonom platformalardan ibarət sualtı dron sürülərinin gələcək dəniz əməliyyatlarında istifadəsi hədəflənir.
Dördüncü ilinə daxil olan layihənin kəşfiyyat və müşahidə, mina əleyhinə tədbirlər, dəniz dibi müharibəsi və mübahisəli dəniz ərazilərində əməliyyat imkanları kimi kritik vəzifə sahələrində donanmaların yanaşmasını köklü şəkildə dəyişə biləcək potensiala malik olduğu hesab olunur.
Sürü konsepsiyası ilə yeni dəniz əməliyyatı anlayışı
SABUVIS-in əsas yanaşması tək platformalara əsaslanan əməliyyat modelinin əvəzinə koordinasiyalı sürü arxitekturasının istifadəsinə əsaslanır. Bu konsepsiya sayəsində sistemin daha yüksək sürət, xərclərə qənaət və dayanıqlılıq təmin etməsi nəzərdə tutulur. Daha aşağı qiymətli çoxsaylı avtonom vasitələrin birlikdə fəaliyyət göstərməsi riskin bölüşdürülməsinə imkan verir, düşmənin hədəfləmə prosesini çətinləşdirir və bəzi platformalar itirilsə belə, tapşırığın effektiv şəkildə davam etdirilməsini mümkün edir.
Layihədə lider ölkə Polşa olsa da, Almaniya, Portuqaliya və Sloveniya da iştirakçı ölkələr sırasındadır. Bu struktur Avropa daxilində çoxmillətli müdafiə texnologiyalarının inkişaf etdirilməsi yanaşmasının mühüm nümunəsi kimi qiymətləndirilir.
Sualtı avtonomiyada texniki çətinliklər
SABUVIS-in ikinci mərhələsi olan SABUVIS II işləri sualtı avtonomiyanın təbiətindən irəli gələn mühüm texniki çətinliklərə yönəlib. Suyun altında peyk əsaslı mövqe müəyyənləşdirmə sistemlərinin istifadə edilə bilməməsi, məhdud rabitə bant genişliyi, yüksək gecikmə müddətləri və əməliyyat mühitinin proqnozlaşdırılmasının çətin olması bu problemlərin başında gəlir.
Bu çərçivədə layihə bir-birini tamamlayan üç konsepsiya hazırlayıb. Bunlardan birincisi, miqyaslana bilən və nisbətən aşağı xərcli avtonom sualtı platformalardan ibarət sürülərdir. İkinci konsepsiya dayaz və mürəkkəb sahil sularında yüksək manevr qabiliyyəti təmin edəcək biomimetik dizaynlara yönəlib. Üçüncü yanaşma isə sualtı platformalar ilə avtonom suüstü platformaların birlikdə fəaliyyət göstərdiyi qarışıq sürü arxitekturasını əhatə edir.
Layihə həmçinin Avropa Müdafiə Agentliyinin daha əvvəl həyata keçirdiyi SALSA təşəbbüsü üzərində qurulub. SALSA proqramı çoxsaylı avtonom platformalar arasında məlumat mübadiləsini mümkün edən uyğunlaşa bilən sualtı akustik şəbəkə texnologiyalarının inkişafına yönəlmişdi.
EDA rəsmiləri bildiriblər ki, SABUVIS II tapşırıqların yerinə yetirilməsinin tək bir platformadan asılı olmadan həyata keçirilə biləcəyini nümayiş etdirib. Ortaq standartlar və interfeyslər sayəsində müxtəlif sistemlərin uyğun şəkildə işləyə bildiyi, qabaqcıl simulyasiya və sınaq mühitləri vasitəsilə sürü davranışlarının əməliyyatdan əvvəl optimallaşdırılıb təsdiqlənə bildiyi qeyd olunub.
Sahə sınaqları və əməliyyat təsdiqi
Layihənin ikinci mərhələsi fevral ayının əvvəlində Polşa, Almaniya və Portuqaliyada keçirilən sahə nümayişləri ilə başa çatıb. REPMUS 2025 çərçivəsində aparılan sınaqlarda qarışıq sualtı dron sürüləri real əməliyyat şəraitinə yaxın mühitdə sınaqdan keçirilib.
Sınaqlar zamanı koordinasiyalı sürü hərəkəti, etibarlı məlumat paylaşımı, formasiya idarəetməsi və tapşırıq zamanı uyğunlaşa bilən qərarvermə qabiliyyətləri uğurla nümayiş etdirilib. Bundan əlavə, müxtəlif ölkələrə və istehsalçılara məxsus avtonom sistemlərin vahid komanda-idarəetmə arxitekturası üzərindən inteqrasiya olunaraq birlikdə işləməsi təmin edilib və qarşılıqlı uyğunluq baxımından mühüm irəliləyiş əldə olunub.
SABUVIS layihəsi Avropanın gələcəkdə dəniz müharibəsi sahəsində insansız və avtonom sistemlərə əsaslanan çoxtəbəqəli əməliyyat konsepsiyasına keçidinin mühüm addımlarından biri hesab olunur. Xüsusilə dəniz dibi infrastrukturlarının qorunması, hibrid təhdidlərə qarşı mübarizə və yüksək riskli dəniz bölgələrində insanlı platformaların riskə məruz qalmasının azaldılması baxımından bu cür sürü sistemlərinin yaxın gələcəkdə daha da böyük əhəmiyyət qazanacağı qiymətləndirilir.