XƏBƏRLƏR

Yeniliklər 10 Mart 2026, 10:50

Azərbaycan Türkiyədən 40 ədəd ASELPOD sifariş edib

Azərbaycan Türkiyədən 40 ədəd ASELPOD sifariş edib

Azərbaycan Pakistan tərəfindən tədarük ediləcək JF-17 Blok III döyüş təyyarələrində istifadə etmək üçün Türkiyədən 40 ədəd ASELPOD sifariş edib. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) “Beynəlxalq silah transferlərində meyillər 2025” hesabatını yayımlayıb. Bu çərçivədə silah transferləri üzrə məlumat bazası da yenilənib. Sözügedən məlumat bazasına görə, Azərbaycan Türkiyədən 40 ədəd ASELPOD sifariş edib. Bildirilir ki, bu sistemlər Pakistan tərəfindən tədarük ediləcək 40 ədəd JF-17 “Blok III” döyüş təyyarəsi üçün sifariş olunub.

Azərbaycanın JF-17 döyüş təyyarəsi tədarükü

Pakistan hökuməti rəsmi “X” hesabı üzərindən etdiyi paylaşımda Azərbaycan ilə Pakistan arasında müdafiə əməkdaşlığının inkişaf etdiriləcəyini elan etmişdi. Bu çərçivədə Azərbaycan ilə Pakistan arasında JF-17 döyüş təyyarələrinin tədarükünə dair saziş imzalandığı açıqlanmışdı. Bildirilmişdi ki, Azərbaycan 40 ədəd döyüş təyyarəsi tədarük edəcək və bunun üçün 2 milyard dollar həcmində investisiya və 4,6 milyard dollar dəyərində müdafiə sazişi imzalanıb. 2024-cü ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın Pakistandan sifariş etdiyi JF-17 “Blok III” döyüş təyyarəsini nəzərdən keçirmiş və bu təyyarələrin yaxın zamanda Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil veriləcəyini bildirmişdi.

Təyyarələrə Türkiyə sursatları da inteqrasiya edilə bilər

İlk uçuşunu 2019-cu ildə həyata keçirən və JF-17-nin ən son versiyası olan “Blok III” ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına daxil olacaq bu döyüş təyyarəsi Türkiyə üçün də mühüm imkanlar yarada bilər. Həmçinin mütəxəssislər hesab edir ki, JF-17 təyyarələrinə əlavə edilə biləcək Türkiyə sursatları Ankara-Bakı-İslamabad xəttində yeni və mühüm bir dövrün başlanmasına səbəb ola bilər. Bundan əlavə, ötən ilin sentyabr ayında Azərbaycanda keçirilən ADEX 2024 müdafiə sərgisində Türkiyənin müdafiə sənayesi şirkətləri ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir çox mühüm saziş imzalanmışdı. Sözügedən sərgi çərçivəsində Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri professor Haluk Görgün Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşlər keçirmişdi. Həmçinin bildirilib ki, Görgün ilə Azərbaycan Hərbi Hava Qüvvələri komandanı general-mayor Namiq İslamzadə arasında Azərbaycan Ordusunun gələcəkdə ehtiyac duya biləcəyi Türkiyə müdafiə sənayesi texnologiyaları, tərəfdaşlıqlar və layihələr barədə səmərəli müzakirə aparılıb. Bu istiqamətdə Azərbaycanın uzun müddətdir maraq göstərdiyi JF-17 “Blok III” təyyarələrini təhvil alması ilə Azərbaycanın inkişaf etdirdiyi sursatlarla yanaşı, Türkiyədən tədarük edilən sursat və alt sistemlər də JF-17-də istifadə oluna biləcək. Hazırda ASELPOD sistemindən fəal istifadə edən Pakistan və Nigeriya ilə yanaşı, İlham Əliyevin JF-17-ni nəzərdən keçirdiyi zaman da göründüyü kimi, Azərbaycan da ASELPOD-un yeni istifadəçilərindən biri olacaq. ordu.az