Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkilatçılığı və Türkiyə Texnologiya Komandası Vəqfinin dəstəyi ilə İstanbulda pilotsuz uçan aparatların (PUA) yarışı keçirilib. Məqsəd fövqəladə hallar zamanı mülki təyinatlı PUA-lardan istifadə etməyin mümkünlüyünü göstərmək olub. İstanbul Qrand Hava Limanında baş tutan yarışda 5 ölkədən 289 komanda mübarizə aparıb. Turnirdə ölkəmizi AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) "AMEACRAFT" komandası təmsil edib. Yarışmanın nəticələrinə əsasən "AMEACRAFT" final mərhələsinə adlayan 85 komandadan biri olub və yekunda 7-ci yerin sahibi olub. Qeyd edək ki, bu gün Rəyasət Heyətində baş tutan tədbirdə akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev TÜBİTAK-ın təşkil etdiyi yarışmada iştirakına görə, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova və YT Parkın rezidenti “Elm və Texnologiya Parkı” MMC-nin bir qrup əməkdaşına mükafat və sertifikatları təqdim edib.