XƏBƏRLƏR

SETM 21 Sentyabr 2024, 09:29

Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib

Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib

Sürü dron texnologiyaları birdən çox dronun bir araya gəldiyi və müəyyən tapşırıq üçün komanda kimi fəaliyyət göstərdiyi texnologiyadır. Sürü dronlar bir-biri ilə əlaqə qurur, koordinasiyalı şəkildə mürəkkəb tapşırıqları yerinə yetirmək üçün ya operator, ya da müstəqil qərarlar qəbul edirlər. İlk dəfə sürü dron anlayışı 21-ci əsrin əvvəllərində ortaya çıxıb. 2000-ci illərin ortalarından etibarən hərbi tədqiqat laboratoriyaları və müdafiə sənayesi şirkətləri tərəfindən bu texnologiyanın fəal şəkildə inkişaf prosesi başlayıb. 2010-cu illərdə isə artıq hərbi təlimlərdə və əməliyyatlarda sürü şəklində dronların sınaqdan keçirilməyə başlanıb və uğurlu nəticələr əldə edilib. Bu gün bir sıra ölkələr sürü dron texnologiyası üzərində çalışır. Bunların sırasında ABŞ, Rusiya, Çin, Türkiyə, İsrail, Böyük Britaniya, Almaniya, Cənubi Koreya və s. kimi ölkələr yer alır. Azərbaycanda da hərbi sahə üzrə sürü dron texnologiyalarının yaradılması ilə bağlı layihə həyata keçirilir. Sözsüz ki, Azərbaycanda hərbi PUA sahəsinə göstərilən xüsusi diqqət, pilotsuz uçuş aparatlarının Silahlı Qüvvələrimiz tərəfindən döyüş meydanında effektiv istifadəsi və müasir tendensiyalar ölkəmizdə bu istiqamətdə addımların atılmasına təkan verib. Azərbaycanın SETM şirkəti (AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin əsasında yaradılıb və hazırda müstəqil olaraq fəaliyyət göstərir) tərəfindən həyata keçirilən sürü dron layihəsi də ölkədə bu sahəyə kifayət qədər maraq və diqqətin olduğunu göstərir. Hazırda SETM şirkətinin davam etdirdiyi sürü dron texnologiyasının inkişaf etdirilməsi ilə bağlı tədqiqat işlərinə 2019-cu ildə başlanılıb. Belə ki, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) Əməkdar mühəndis Fətəli Abdullayevin rəhbərliyi altında başladılan layihə Prezident Yanında Elmin İnkişafına Dəstək Fondunun (hazırda Azərbaycan Elm Fondu) maliyyə dəstəyi ilə reallaşdırılıb. Bu layihə çərçivəsində dronların sürü şəklində bir mərkəzdən idarə olunması və avtonom rejimdə hədəfin tanınması üçün xüsusi alqoritmləri işlənilib hazırlanıb. Layihə əsasında təyyarə rejimində, habelə kvadrakopter və hekzakopter rejimində bir neçə qrup işlər görüb. Qısa müddət ərzində - təxminən bir il müddətində layihə sınaq mərhələsinə çatdırılıb. SETM tərəfindən 2020-ci ildə sınaqları keçirilən layihə ilə bağlı işlər artıq tamamlanıb. Layihə çərçivəsində 5-10 dronun eyni anda sürü halında uçuş yerinə yetirməsi, uçuş müddəti ərzində vəzifələrin öz aralarında avtomatik şəkildə bölüşdürülməsi, zərbələrin həyata keçirilməsi, sifət və obyektlərin tanınması və izlənməsi nəzərdə tutulub. SETM şirkətinin direktoru Samir Süleymanov “Poliqon” jurnalına açıqlamasında bildirib ki, rəhbərlik etdiyi şirkət tərəfindən dron qruplarının bir mərkəzdən idarə edilməsi və bu cür texnoloji vasitələrdə süni intellektin inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir və artıq müəyyən mərhələ qət edilib. Bundan sonrakı proses sifarişçinin istəyinə uyğun olaraq inkişaf etdirilə və istehsal mərhələsinə keçə bilər.