Azərbaycanın SETM şirkətinin istehsalı olan “İldırım RP-10” radiokanal vasitəsilə mina və digər atımların məsafədən idarəolunma sistemi, analoqları ilə bir çox üstünlüklərinə görə fərqlənir. “İldırım RP-10” sisteminin əsas üstünlüyü rabitə kanalının şifrələnmiş olmasıdır. Bu, ilk növbədə kənar müdaxilələrin qarşısını alır. Sistem hazırlananda istifadəçinin təhlükəsizliyinin tam təmin olunması nəzərə alınıb. Seçilmiş dalğa uzunluğu maneələrin arxasında belə cihazı işlətməyə imkan verir. Bolqarıstan və Rusiya şirkətlərinin təqdim etdikləri bənzər sistemlər konkret partlayıcının üzərində qurulub.
SETM məhsulu isə daha universaldır. Onu elektrodetenatorla təchiz olunmuş istənilən partlayıcıya (mina, döyüş sursatı və s) inteqrasiya etmək olar. “İldırım RP-10” sisteminin digər üstünlüyü daşınmasının rahatlığı, qiymətinin xarici analoqları ilə müqayisədə ucuz olmasıdır.
“İldırım RP-10” məmulatı 5 km-ə qədər radiusu olan birbaşa görüntü zonasında və 3 km-ə qədər maneə arxasında yerləşən düşmən mövqelərini məsafədən radiokanal vasitəsi ilə partlayışla məhv etmək qabiliyyətinə malikdir. Məmulatı elektrodetonatorla təchiz olunmuş bütün növ mina, və digər partlayıcıları partlatmaq üçün istifadə etmək olar.
“İldırım RP-10” Silahlı Qüvvələrin arsenalında olan MOH-50; MOH-100; MOH-200 və sair elektrik detonatorlu mina və atımları məsafədən partlatmaq üçün təyinatlıdır. Silahlı Qüvvələrin arsenalında olan MOH-50; MOH-100; MOH-200 və sair elektrik detonatorlu minaları və atımları məsafədən partlatmaq üçün nəzərdə tutulan radio partladıcı (RP) sistemi qeyd olunan partlayıcılara qoşularaq onların idarəetmə məsafəsini kifayət qədər artırmağa imkan verir. Belə ki, RP sistem vasitəsilə real olaraq 3500 metr məsafədə mürəkkəb relyefi olan ərazidə və 5000 metr birbaşa görüntülü ərazidə döyüş tapşırığının yerinə yetirilməsi uğurla sınaqdan keçirilib.
“İldırım RP-10” minaların təmizlənməsi, minalı sahələrdən cığırların açılması, xüsusi təyinatlıların kəşfiyyat-diversiya əməliyyatlarında istifadə üçün nəzərdə tutulub. Cihazdan istifadə etməklə eyni vaxtda ərazidəki aşkarlanmış bütün minaları partladıb zərərsizləşdirmək mümkündür. “İldırım RP-10” mülki sektorda dağ-mədən sənayesində də istifadə edilə bilər.