XƏBƏRLƏR

SETM 25 Avqust 2024, 10:35

SETM-in istehsal etdiyi yeni hərbi məhsul yüksək qiymətləndirilib

SETM-in istehsal etdiyi yeni hərbi məhsul yüksək qiymətləndirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycana dost olan ölkələrin hərbi nümayəndələrinin iştirakı ilə Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) istehsal etdiyi hərbi təyinatlı məhsulun təqdimatı keçirilib.

Təqdimat mərasimində Strateji Elmi Tədqiqatlar Mərkəzinin direktoru fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov və SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi, Əməkdar mühəndis Fətəli Abdullayev iştirak ediblər.

Samir Süleymanov təqdimatı keçirilən məhsulun tamamilə milli istehsal olduğunu, Strateji Elmi Tədqiqatlar Mərkəzinin yüksəkixtisaslı peşəkar kadrları tərəfindən müasir yüksək texnologiyalardan istifadə etməklə ərsəyə gətirildiyini diqqətə çatdırıb və cihazın texnixi xüsusiyyətləri barədə hərbi nümayəndələrə məlumat verib.

SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Fətəli Abdullayev isə Strateji Elmi Tədqiqatlar Mərkəzinin başlıca hədəfinin ölkəmizin müdafiə və döyüş qabiliyyətinin gücləndirilməsinə yönəlmiş məhsulların istehsalı olduğunu və təqdimatı keçirilən yeni məhsulun da bu istiqamətdə yüksək diqqət göstərilərək hazırlandığını bildirib.  

Daha sonra SETM-in istehsalı olan hərbi təyinatlı məhsulun sınağı keçirilib və Müdafiə Nazirliyinini, Müdafiə Sənayesi Nazirliyinin, eləcə də Azərbaycana dost olan ölkələrin hərbi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.