XƏBƏRLƏR

SETM 08 Fevral 2019, 14:36

SETM-in layihələri Silahlı Qüvvələrin mütəxəssislərinin iştirakı ilə real ərazi şəraitində sınaqdan keçirilib

SETM-in layihələri Silahlı Qüvvələrin mütəxəssislərinin iştirakı ilə real ərazi şəraitində sınaqdan keçirilib

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı bir neçə innovativ layihənin (elmi-tədqiqat işlərinin) son hazır məhsulları olan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin təcrübəli mütəxəssislərinin iştirakı ilə real ərazi şəraitində istifadə edilərək sınaqdan keçirilmişdir.

Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi  general-mayor Ənvər Əfəndiyev, Sərhəd Qoşunlarının Qərargah rəisI polkovnik Aqşin Məhərrəmov və digər hərbi mütəxəssislər tərəfindən SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri yüksək qiymətləndirilmişdir.

Tədbir zamanı SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, AMEA Yüksək Texnologiyalar Parkının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in Elmi-tədqiqat  laboratoriyalarının və sektorlarının  rəhbərləri tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür.