XƏBƏRLƏR

SETM 25 Sentyabr 2018, 09:35

AMEA Yüksək Texnologiyalar Parkı “ADEX-2018” sərgisində ilk dəfə hərbi və mülki yönümlü məhsullarını nümayiş etdirib

AMEA Yüksək Texnologiyalar Parkı “ADEX-2018” sərgisində ilk dəfə hərbi və mülki yönümlü məhsullarını nümayiş etdirib

25-27 sentyabr 2018-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə "ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə sərgisi keçirilmişdir. Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olan genişmiqyaslı sərgidə ilk dəfə olaraq AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) də iştirak etmişdir.

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) pavilyonunda SETM-in laboratoriya və sektorlarında həyata keçirilən hərbi, müdafiə və mülki xarakterli innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanmış hərbi yönümlü məhsullar - müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatları (PUA-lar), elektrik detonatorlu minaların və atımların daha uzaq məsafədən radiokanal vasitəsilə partladılması üçün radio partladıcı (RP) sistemlər, mühəndis çəpərlərinə montaj edilməklə dövlət sərhədlərinin mühafizə olunması üçün sistemlər, o cümlədən bəzi mülki yönümlü məhsullar da nümayiş olunmuşdur.

Sərgidə AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev,  YT Parkın direktor müavini aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, SETM-in 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), YT parkın, SETM-in Elmi-tədqiqat laboratoriyalarının, həmçinin sektorlarının əməkdaşları  və aidiyyəti üzrə digər şəxslər iştirak etmişdir