XƏBƏRLƏR

SETM 26 Sentyabr 2019, 10:39

Strateji Elmi Tədqiqatlar Mərkəzi beynəlxalq əlaqələrini genişləndirir

Strateji Elmi Tədqiqatlar Mərkəzi beynəlxalq əlaqələrini genişləndirir

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında imzalanmış detektorların hazırlanması və beynəlxalq təcrübələrdə əməkdaşlığa dair müqavilə çərçivəsində Çexiyaya ezam olunmuş SETM-in 2 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov həmin institutunun direktoru, Dr. İvan Ştekl ilə görüşmüşdür.

Görüş zamanı iki qurum arasında birgə əməkdaşlıq çərçivəsində yeni hazırlanmış modulun gücləndirmə rejiminin seçilməsi, təkmilləşdirilməsi və onun tətbiq edilmə imkanları müzakirə olunmuşdur. Səfər müddətində SETM əməkdaşlarının elektronika sahəsində ixtisaslarının təkmilləşdirilməsi və gələcəkdə birgə layihələrin işlənməsi üçün Çexiyanın Pilsen şəhərində yerləşən Qərbi Bohemia Universitetinin əməkdaşı Dr. İ.Georgiyevlə görüş keçirilmiş və gələcəkdə beynəlxalq ERASMUS layihələrində birgə iştirak etmə imkanları müzakirə olunmuşdur.

Bundan əlavə, Çexiyanın "NUVIA GROUP" firmasının detektorlar texnologiyası bölməsinin direktoru, Ph.D Hana Buresova ilə də görüşlər keçirilmişdir. Görüşdə SETM əməkdaşlarının hazırladığı MAPD diodlarının parametrləri və onların tətbiq sahəsi haqqında seminar təşkil edilmişdir. NUVIA direktorunun təklifləri əsasında MAPD fotodiodlarının ssintilyator detektorlarında tətbiq edilməsi və gələcəkdə birgə əməkdaşlığın təşkil edilməsi qərara alınmışdır