Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən 2019-cu il may ayının 1-dən 3-dək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim keçirilmişdir. AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) sözügedən təlimdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov başda olmaqla Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə hərbi təlim zamanı SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin sınaqdan keçmiş son hazır nümunələri (hərbi məmularlar) nümayiş etdirilmişdir.
Təlimi müşahidə edən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, AMEA Yüksək Texnologiyalar Parkının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, SETM-in 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in digər Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının rəhbərləri və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür.
Hərbi mütəxəssislər tərəfindən “SETM” MMC-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaqdan keçmiş son hazır nümunələri yüksək qiymətləndirilmiş, onların Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur