Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində 2019-cu ilin iyun ayının 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçirilmişdir. AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) sözügedən təlimdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Təlimdə istifadə olunan silah-sursatın nümayiş etdirildiyi sərgidə SETM də təmsil olunmuşdur.
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycanın Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun izlədiyi sərgidə SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin sınaqdan keçmiş son hazır nümunələri (hərbi məmularlar) uğurla nümayiş etdirilmişdir. Təlimdə müvəffəqiyyətli təqdimata görə SETM-in bəzi əməkdaşları Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri Fərmanla təltif olunumuşdur.
Təlimi müşahidə edən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in Elmi-tədqiqat laboratoriyalarının və sektorlarının rəhbərləri və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür. Hərbi mütəxəssislər tərəfindən “SETM” MMC-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaqdan keçmiş son hazır nümunələri yüksək qiymətləndirilmiş, onların Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur.