XƏBƏRLƏR

SETM 17 Sentyabr 2019, 11:27

Strateji Elmi Tədqiqatlar Mərkəzinin yeni stendinin sınaq atışları həyata keçirilib

Strateji Elmi Tədqiqatlar Mərkəzinin yeni stendinin sınaq atışları həyata keçirilib

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri çərçivəsində “Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması” layihəsinin birinci mərhələsinin təqdimatı keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) sözügedən layihəyə uyğun olaraq yaradılmış stendin yoxlanılması üçün sınaq atışları həyata keçirilmişdir.

Sınaq atışları zamanı müsbət nəticələr əldə olunmuşdur. Layihənin rəhbəri, SETM-in 3 nömrəli Elmi Tədqiqat Laboratoriyasının sektor müdiri Ceyhun Nabadov tərəfindən hərbi avadanlığın texniki göstəriciləri və istismarı ilə bağlı ətraflı məlumat verilmişdir.

Hərbi mütəxəssislər tərəfindən  sözügedən layihəyə uyğun olaraq yaradılmış stend yüksək qiymətləndirilmiş və onun Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur.

Tədbir zamanı həmçinin SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşlarının iştirakı ilə SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli digər layihələr barədə müzakirələr aparılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür.