2019-cu il sentyabr ayının 13-dən 19-dək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi təlimlər keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvətilə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) sözügedən hərbi təlimlərində mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir. Hərbi təlimlər zamanı SETM-də həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin son hazır nümunələri (hərbi məmulatlar) nümayiş etdirilmiş və həmin hərbi məmulatlar sınaqdan uğurla keçmişdir.
Maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlərdə SETM-in hərbi məmulatları qarşıya qoyulan tələblərə tam cavab vermiş və texniki parametrlərinə görə onların potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilmişdir. Təlimləri müşahidə edən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür.
Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən, SETM-də icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələrinin Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur