XƏBƏRLƏR

SETM 26 Aprel 2018, 14:30

SETM-in layihələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib

SETM-in layihələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib

AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) bəziləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) nümayiş etdirilmişdir. Hərbi mütəxəssislərin rəyinə əsasən, SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri sınaqdan uğurla keçmiş və qarşıya qoyulmuş tələblərə tam cavab vermişdir. Texniki parametrlərinə görə onların Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilmişdir.

Tədbir zamanı SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in laboratoriya rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları tərəfindən nümayiş olunan kəşfiyyat-müşahidə, zərbəendirici və s. təyinatlı dron və PUA-ların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış, aidiyyəti üzrə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.