AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) bəziləri ilə tanış olmaq məqsədilə AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin SETM-in aidiyyəti laboratoriya və sektorlarına səfəri baş tutmuşdur.
Səfər çərçivəsində SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən müxtəlif təyinatlı (kəşfiyyat-müşahidə, zərbəendirici və s.) dron və PUA-ların hazırlanması üzrə layihələrin mərhələlərinə müvafiq olaraq onun texniki göstəriciləri və istismarı ilə bağlı ətraflı məlumat verilmişdir. Həmçinin SETM-in laboratoriya rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.