AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) bəziləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təcrübəli hərbi qulluqçularının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) nümayiş etdirilmişdir. Tədbirdə həmçinin Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi general-mayor Ənvər Əfəndiyev (hazırda ehtiyyata buraxılmışdır), SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur), SETM-in laboratoriya rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları da iştirak etmişdir.
Hərbi mütəxəssislərin rəyinə əsasən, SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin son hazır nümunələri sınaqdan uğurla keçmiş və qarşıya qoyulmuş tələblərə tam cavab vermişdir. Texniki parametrlərinə görə onların Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilmişdir.
Tədbir zamanı SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov tərəfindən nümayiş olunan kəşfiyyat-müşahidə, zərbəendirici və s. təyinatlı dron və PUA-ların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış, aidiyyəti üzrə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.