XƏBƏRLƏR

SETM 15 Yanvar 2018, 14:27

SETM-in hərbi və müdafiə təyinatlı məhsulları Müdafiə Nazirliyinin hərbi hissəsində təqdimatı zamanı uğurlu nəticələr əldə edib

SETM-in hərbi və müdafiə təyinatlı məhsulları Müdafiə Nazirliyinin hərbi hissəsində təqdimatı zamanı uğurlu nəticələr əldə edib

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə təyinatlı bir neçə innovativ layihənin (elmi-tədqiqat işlərinin) son hazır məhsulları olan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatlarının (PUA-lar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) təqdimatı zamanı uğurlu nəticələr əldə edilmişdir.

Tədbirdə iştirak edən general-mayor Mais Bərxudarov (hazırda general-leytenantdır) və Müdafiə Nazirliyinin digər təcrübəli hərbi qulluqçularının rəyinə əsasən, SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələr qarşıya qoyulmuş tələblərə tam cavab vermiş və texniki parametrlərinə görə onların Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilmişdir.

Təqdimat zamanı SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) və SETM-in digər əməkdaşları tərəfindən nümayiş olunan hərbi avadanlıqların texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılmış və qarşılıqlı olaraq bir sıra təkliflər irəli sürülmüşdür.