Hərbi, müdafiə, eyni zamanda, mülki təyinatlı innovativ layihələr (elmi-tədqiqat işləri) çərçivəsində hazırlanan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatları (PUA-lar) ilə tanış olmaq məqsədilə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) ərazisində yerləşən AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) laboratoriya və sektorlarına AMEA-nın rəhbərliyi, eyni zamanda AMEA-nın bəzi instutlarının rəhbər şəxslərinin səfəri baş tutmuşdur.
Görüşdə AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev, akademik Dİlqəm Tağıyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA- nın müxbir üzvü Misir Mərdanov, SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, YT Parkın direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və digər şəxslər iştirak etmişdir.
Görüş zamanı SETM rəhbərinin müavini fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov (hazırda “SETM” MMC-nin direktorudur) tərəfindən müxtəlif təyinatlı (kəşfiyyat-müşahidə, zərbəendirici və s.) dron və PUA-ların hazırlanması üzrə layihələrin mərhələlərinə müvafiq olaraq onun texniki göstəriciləri və istismarı ilə bağlı ətraflı məlumat verilmişdir. Həmçinin SETM-in laboratoriya və sektor rəhbərləri, o cümlədən SETM-in digər əməkdaşları ilə müzakirələr aparılmaqla bir sıra təkliflər irəli sürülmüşdür.