Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunu Selcan Süleymanlı dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Massaçusets Texnologiyalar İnstitutuna (MIT) qəbul olunub.
O, “QS World University Rankings 2026” reytinqinə əsasən dünyada 1-ci yerdə qərarlaşan bu ali məktəbdə tələbə adını qazanıb.
Selcan Süleymanlı məktəb illərində bir sıra nüfuzlu olimpiadalarda yüksək nəticələr göstərib. O, Respublika Fənn Olimpiadalarında 2022-ci ildə bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medal qazanıb. Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında 2023-cü ildə bürünc, 2024-cü ildə isə qızıl medal (“birincilərin birincisi”) əldə edib.
Bundan əlavə, Selcan Süleymanlı 2025-ci ildə Asiya Fizika Olimpiadasında həvəsləndirici mükafata layiq görülüb, Beynəlxalq Fizika Olimpiadasında isə bürünc medal qazanaraq bu yarışda medal əldə edən ilk azərbaycanlı qız kimi tarixə düşüb.