Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin institutlarında son illər ərzində müdafiə sənayesi, enerji təhlükəsizliyi və ekoloji dayanıqlılıq sahələrini əhatə edən mühüm elmi nəticələr əldə olunub.
Belə ki, AR Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ölkə ərazisində sovet dövründən qalan və yararsız vəziyyətə düşmüş raket yanacaqlarının oksidləşdirici komponentlərinin zərərsizləşdirilməsi istiqamətində tədqiqatları davam etdirib. Aparılan işlər hərbi və ekoloji təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.
Eyni zamanda institutda karbon qazının elektrokimyəvi reduksiyası, suyun elektrolizi yolu ilə hidrogenin alınması və Günəş enerjisinin kimyəvi enerjiyə çevrilməsi istiqamətində tədqiqatlar aparılıb. Bu tədqiqatlar ölkədə yaşıl texnologiyaların inkişafı və alternativ enerji mənbələrinin tətbiqi baxımından mühüm elmi baza rolunu oynayır.