XƏBƏRLƏR

Yeniliklər 27 Aprel 2026, 17:00

Azərbaycan SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində təmsil olunacaq

Azərbaycan SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində təmsil olunacaq

2026-cı il 5-9 may tarixlərində “SAHA İstanbul”un təşkilatçılığı altında İstanbul Sərgi Mərkəzində keçiriləcək SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçiriləcək.

SAHA 2026 sərgisi ümumilikdə 400 min kvadratmetr sahədə təşkil olunacaq və bunun 20 min kvadratmetri açıq sərgi sahəsi olacaq. 120-dən çox ölkədən iştirakın gözlənildiyi sərgidə 1700-dən çox şirkət (263-ü xarici), 200 mindən çox ziyarətçi və 30 mindən çox müdafiə sənayesi mütəxəssisinin iştirakı gözlənilir.

SAHA 2026-da 203 yeni məhsul təqdimatı və ümumi dəyəri 4 milyard ABŞ dolları olan 164 imza mərasimi keçiriləcək. Bu rəqəm əvvəlki sərgidə əldə edilən ixrac müqavilələrinin təxminən 3 qatına bərabərdir.

Avropa, ABŞ və Kanadadan iştirak xüsusilə diqqət çəkir. Dünyanın 4 qitəsindən çoxsaylı şirkətlər, rəsmi və ticari nümayəndə heyətləri sərgidə iştirak edəcək.

Sərgidə 140-dan çox rəsmi heyət, 800-dən artıq rəsmi nümayəndə, 200-dən çox satınalma heyəti təmsilçisi yer alacaq. Həmçinin 25-dən çox xarici ölkənin naziri və yüksək rütbəli hərbi şəxslərinin iştirakı tədbirin beynəlxalq əhəmiyyətini artıracaq.

Bu il sərginin əsas mövzularından biri investisiya ekosistemi olacaq. Tədbirdə beynəlxalq investisiya fondları, maliyyə institutları, strateji investorlar, eləcə də NATO İnnovasiya Fondu (NIF) və NATO DIANA proqramına daxil olan şirkətlər də iştirak edəcəklər.

Qeyd edək ki, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin imkanlarını geniş şəkildə nümayiş etdirəcək. “Azərsilah”la yanaşı, ölkənin aparıcı müdafiə sənayesi müəssisələri də sərgidə təmsil olunacaq. Bunlar arasında “Alov” zavodu, “Aqreqat İstehsalat Birliyi” MMC, “Cihaz İstehsalat Birliyi” MMC, “İqlim” Elmi-İstehsalat Müəssisəsi, “Zireh” MMC, Milli Aerokosmik Agentliyi və digər müəssisələr yer alır.

Sərgidə Azərbaycanın müdafiə sənayesi potensialı beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Nümayiş etdiriləcək məhsullar yerli sənayenin innovativ yanaşmasını və artan istehsal imkanlarını əks etdirəcək. Ekspozisiyada iri və orta çaplı atıcı silahlar, minaatan və qumbaraatan sistemləri, müxtəlif çaplı sursatlar, pilotsuz uçuş aparatları, insansız dəniz aparatları, antidron sistemləri və kəşfiyyat vasitələri yer alacaq. Bununla yanaşı, optik cihazlar, müasir rabitə vasitələri, hərbi təyinatlı geyimlər və fərdi təchizat vasitələri də ziyarətçilərə təqdim olunacaq.

Bununla paralel olaraq, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC də sərgidə iştirak edəcək. Şirkət tərəfindən müasir çağırışlara cavab verən, qabaqcıl texnologiyalar əsasında formalaşdırılmış servis, inteqrasiya, texniki qulluq və təmir xidmətləri nümayiş olunacaq.

Sərgi çərçivəsində həm “Azərsilah” holdinqinin, həm də MİRAS şirkətinin beynəlxalq tərəfdaşlarla görüşlər keçirməsi, yeni əməkdaşlıq imkanlarını müzakirə etməsi planlaşdırılır. Azərbaycanın SAHA 2026 sərgisində iştirakı müdafiə sənayesində mövcud inkişaf istiqamətlərinin izlənməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yerli istehsalın ixrac potensialının qlobal səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

poliqon.az