XƏBƏRLƏR

SETM 06 May 2026, 20:00

SETM və Seysmoloji Xidmət Mərkəzi palçıq vulkanlarının öyrənilməsinə dair birgə tədqiqatlar aparır

SETM və Seysmoloji Xidmət Mərkəzi palçıq vulkanlarının öyrənilməsinə dair birgə tədqiqatlar aparır

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Strateji Elmi Tədqiqatlar Mərkəzi Azərbaycan ərazisində mövcud olan palçıq vulkanlarının öyrənilməsinə dair birgə tədqiqatlara başlayıb.

Tədqiqatlar zamanı Strateji Elmi Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanmış mülki təyinatlı dronlardan istifadə olunur.

Seysmoloji Xidmət Mərkəzinin və Strateji Elmi Tədqiqatlar Mərkəzinin alimləri dron görüntülərindən istifadə etməklə palçıq vulkanlarının koordinatlarını, aktivliyini müəyyənləşdirir, eyni zamanda mütəxəssislər tərəfindən palçıq vulkanlarının seysmik aktivliyi və digər geoloji xüsusiyyətləri tədqiq edilir.

Qeyd edək ki, son illərdə ölkəmizdə palçıq vulkanlarının aktivliyi müşahidə olunur və bu da təbiət hadisəsi üzərində yenidən və daha geniş tədqiqatlar aparmağa zərurət yaradır.

Onu da bildirək ki, Azərbaycan Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır. Dünyada məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın ərazisində yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Qeyd olunanlar Azərbaycanı dünyada palçıq vulkanlarının diyarı kimi məşhurlaşdırıb və hər il minlərlə turist bu vulkanları ziyarət etmək üçün ölkəmizə səfər edirlər.