XƏBƏRLƏR

Yeniliklər 26 May 2026, 16:00

Azərbaycanda müdafiə sənayesi üzrə tələbələr hazırlanacaq

Azərbaycanda müdafiə sənayesi üzrə tələbələr hazırlanacaq

Müdafiə Sənayesi Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı”nın 2026–2027-ci tədris ilinin payız semestri üzrə tələbə qəbulu elan olunur.

Bakı Dövlət Universitetindən verilən məlumata görə, akademik tədris proqramı çərçivəsində tələbələr nəzəri biliklərini praktiki mühitdə tətbiq etmək, real layihələr üzərində çalışmaq, həmçinin Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisə və laboratoriyalarla yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Proqram iştirakçıları müasir mühəndislik yanaşmaları və müdafiə sənayesi istiqamətində ixtisaslaşmış bilik və bacarıqlar qazanacaq, innovativ istehsal və texnoloji proseslərlə bağlı praktiki təcrübə əldə edəcəklər.

Tədris proqramını uğurla başa vuran tələbələr Müdafiə Sənayesi Nazirliyinin məzun bazasına daxil ediləcəklər. Eyni zamanda, IV kurs tələbələri üçün nəzərdə tutulan “Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İstehsalat Təcrübəsi” proqramında iştirak etmək üçün namizəd kimi qiymətləndiriləcəklər.

Proqramda “İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tədris olunan fənn universitetlərdə tədris edilən müvafiq fənnə ekvivalent hesab olunacaq və kreditlərin müəyyən olunmuş qaydada tanınması nəzərdə tutulacaq.