XƏBƏRLƏR

SETM 03 İyun 2026, 14:57

Professor Azad Bayramov “ICSEGT 2026” beynəlxalq konfransında iştirak edib

Professor Azad Bayramov “ICSEGT 2026” beynəlxalq konfransında iştirak edib

2-3 iyun tarixlərində Bakıda Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə “3rd International Conference on Smart Environment and Green Technologies – ICSEGT 2026” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Dünyanın 30-dan çox ölkəsindən alim, tədqiqatçı və akademik mütəxəssisləri bir araya gətirən konfrans yaşıl texnologiyalar, süni intellekt, bərpa olunan enerji, ağıllı ətraf mühit və davamlı inkişaf istiqamətlərində aktual elmi müzakirələr üçün mühüm platforma rolunu oynayır.

Konfransda Odlar Yurdu Universitetinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, AMEA-nın rəhbər şəxsləri, eləcə də Milli Məclisin deputatları çıxış edərək tədbirin müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirərək elmi bilik mübadiləsi və yeni əməkdaşlıqlar üçün geniş imkanlar yaratdığını, yaşıl texnologiyalar və ağıllı ətraf mühitin gələcəyin inkişaf modelinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar.

Tədbirdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov da iştirak edərək məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, konfransda, o cümlədən ağıllı ətraf mühit və ekosistemlər, bərpa olunan enerji, yaşıl texnologiyalar, süni intellekt və maşın öyrənməsi, əşyaların interneti (IoT), kiber-fiziki sistemlər, davamlı inkişaf, ekoloji kimya, biotexnologiya, dəqiq kənd təsərrüfatı, davamlı memarlıq və digər aktual elmi istiqamətlər üzrə müzakirələr aparılıb.