XƏBƏRLƏR

Yeniliklər 01 İyul 2026, 11:00

ABŞ-ın Corc Meyson Universitetinin azərbaycanlı doktorantı

ABŞ-ın Corc Meyson Universitetinin azərbaycanlı doktorantı

Corc Meyson Universitetinin doktorantı Əli Məmmədov müsahibəsində ABŞ-də təhsilə başlamasından, fəaliyyətindən və planlarından danışıb. Onunla müsahibəni təqdim edirik.

- Amerika həyatınız necə başladı?

- Amerikadakı həyatım 2017-ci ildə Corc Vaşinqton Universitetində bakalavriat təhsilimlə başladı. İqtisadiyyat və maliyyə üzrə təhsil alırdım. Azərbaycandan ayrılıb tamamilə fərqli ölkəyə, yeni akademik sistemə uyğunlaşmaq vaxt tələb edirdi.

Yeni ölkəyə uyğunlaşmaqla yanaşı, dərslərə ciddi fokuslanmaq, müstəqil qərarlar vermək və öz yolumu qurmaq lazım idi. Həmin dövrdə qarşılaşdığım çətinliklər sonrakı inkişafım üçün çox vacib rol oynadı.

- Təhsil həyatınız necə irəlilədi?

- Çalışırdım ki, universitet həyatım yalnız dərslərlə məhdudlaşmasın. İlk könüllü təcrübələrimdən biri Corc Vaşinqton Universitetində bir professorun araşdırmasına kömək etməyim oldu. Əsasən tərcümə və sorğularla bağlı işlərdə dəstək göstərdim. Bu, akademik mühitə daxil olmaq və professorlarla daha yaxından işləməyi öyrənmək baxımından mənim üçün vacib başlanğıc idi.

Corc Vaşinqton Universitetinin azərbaycanlı tələbələr təşkilatının icraedici heyətində yer aldım, müxtəlif tədbirlərdə fəal oldum.

Zaman keçdikcə anladım ki, iqtisadiyyatı və maliyyəni daha dərindən başa düşmək üçün siyasəti, beynəlxalq sistemi və dövlətlərin davranışlarını da anlamaq lazımdır. Eyni zamanda, İkinci Qarabağ müharibəsi mənim siyasətə və beynəlxalq münasibətlərə marağımı daha da artırdı. O dövrdə beynəlxalq siyasətin sadəcə nəzəri mövzu olmadığını, xalqların taleyinə, dövlətlərin təhlükəsizliyinə və regionların gələcəyinə birbaşa təsir edən sahə olduğunu daha aydın gördüm.

Con Hopkins Universitetinin SAIS məktəbində beynəlxalq münasibətlər üzrə magistratura təhsili aldım. Yaddaqalan təcrübələrimdən biri ABŞ Dövlət Departamenti ilə əlaqəli qrup layihəsində iştirakım oldu. Layihənin əsas mövzusu ABŞ-nin Mərkəzi Asiya siyasəti ilə bağlı idi. Eyni dövrdə Azərbaycanın ABŞ-dəki səfirliyində yarımillik təcrübə proqramından keçdim. Bu mənim üçün çox dəyərli təcrübə idi, çünki siyasətin və diplomatiyanın həm akademik, həm də praktik tərəflərini daha yaxından görmək imkanı qazandım.

- ABŞ təhsili hədəflərinizə çatmaqda nə dərəcədə böyük rola malikdir?

- Əlbəttə, ABŞ-də təhsilin keyfiyyəti yüksəkdir, amma məncə, əsas məsələ yalnız universitetin adı və ya sistemin gücü deyil. Amerikada təhsil alan hər kəs uğurlu olmur. Burada insanın nə qədər çalışdığı, imkanlardan necə istifadə etdiyi və özünü nə qədər inkişaf etdirdiyi həlledici rol oynayır.

Amerikaya gəlməyin mənim üçün ən böyük faydalarından biri mümkün olan hədəflərin miqyasını görmək oldu. Bəzən insan arzu edir, amma bəzi imkanların mövcud olduğunu yalnız həmin mühitin içinə daxil olandan sonra anlayır. ABŞ-də oxuduqca, professorlarla, tədqiqatçılarla, siyasət mütəxəssisləri ilə tanış olduqca gördüm ki, beynəlxalq münasibətlər, təhlükəsizlik siyasəti və akademik araşdırmalar sahəsində çox böyük işlər görmək mümkündür. Bu mühit mənə daha geniş düşünməyi, hədəflərimi daha yüksək qoymağı və özümə daha çox inanmağı öyrətdi.

- Hazırda nə ilə məşğul olursunuz?

- Corc Meyson Universitetinin “Schar School of Policy and Government” məktəbində siyasi elmlər üzrə doktorantura təhsili alıram. Əsas istiqamətlərim beynəlxalq münasibətlər və müqayisəli siyasətdir. Araşdırmalarım daha çox hərbi ittifaqlar, NATO, böyük güclər rəqabəti, beynəlxalq təhlükəsizlik və orta güclərin dəyişən dünya nizamında rolu ilə bağlıdır.

Universitetdə tədris fəaliyyəti ilə də məşğulam. Eyni zamanda, Corc Meyson Universitetində Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin baş redaktoru kimi fəaliyyət göstərirəm. Bu ilin əvvəlində Mərkəzin nəzdində “Global Security in the 21st Century” adlı ilk kitabımı hazırladım. Bu kitabda müasir beynəlxalq təhlükəsizlik, ABŞ xarici siyasəti, böyük güclər rəqabəti və yeni təhlükəsizlik çağırışları ilə bağlı yazılar toplanıb. Hazırda yeni kitab və araşdırma layihələri üzərində işləyirəm.

ABŞ-də və beynəlxalq platformalarda analitik məqalələr dərc etdirirəm. Yazılarım “Atlantic Council”, “The National Interest”, “War on the Rocks”, “World Economic Forum” və “West Point”in “Modern War Institute” kimi nüfuzlu platformalarda yayımlanıb. Bu yazılardan bəziləri artıq ABŞ universitetlərində tədris materialı kimi də istifadə olunur. Məqalələrimdən biri Corctaun Universitetində bir kursun oxu siyahısına daxil edilib, digər bir məqaləmin isə gələn semestrdən Corc Meyson Universitetində tələbələr üçün təyin olunmuş oxu materialı kimi istifadə olunması planlaşdırılır.

- Gələcək planlarınız nədən ibarətdir?

- Hazırda məqsədim doktorantura təhsilimi uğurla başa vurmaq və beynəlxalq münasibətlər sahəsində daha dərin biliklərə sahib olmaqdır. İstəyirəm ki, doktorantura müddətində üzərində işləyəcəyim tədqiqat gələcəkdə daha geniş akademik layihəyə çevrilsin.

Qarşıdakı semestrlərdə tədris fəaliyyətimin daha da genişlənəcəyini düşünürəm.

Gələcəkdə ABŞ-də və beynəlxalq səviyyədə akademik, analitik və siyasət qurumları ilə daha yaxından işləmək istəyirəm. Məqsədim həm araşdırmalarımı davam etdirmək, həm də beynəlxalq təhlükəsizlik və regionumuzla bağlı müzakirələrə töhfə verməkdir. Uzunmüddətli planlarımı çox sərt çərçivəyə salmağa çalışmıram, çünki karyera bəzən yeni imkanlarla birlikdə formalaşır.

- Azərbaycan icmasının üzvü olaraq fəaliyyətiniz və planlarınız necədir?

- Azərbaycan icmasının üzvü olaraq fəaliyyətim hələ bakalavriat təhsili aldığın illərdən başlayıb. Corc Vaşinqton Universitetində oxuduğum dövrdə azərbaycanlı tələbələri bir araya gətirməyə, həm də ABŞ və beynəlxalq tələbə mühitində Azərbaycanı daha düzgün tanıtmağa çalışmışıq.

Daha sonra Con Hopkins Universitetində Qafqaz və Mərkəzi Asiya ilə bağlı tələbə təşkilatının rəhbəri kimi fəaliyyət göstərdim. Həmin dövrdə yalnız Azərbaycanla deyil, ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu ilə bağlı marağın artması üçün çalışdıq.

Bundan əlavə, Azərbaycanla bağlı tədbirlərdə mütəmadi iştirak edirəm. Məqalələrimdə, çıxışlarımda və akademik görüşlərimdə Azərbaycanın, eləcə də Cənubi Qafqazın beynəlxalq siyasətdəki rolunu daha düzgün izah etməyə xüsusi önəm verirəm. Son dövrlərdə ABŞ Konqresində keçirilən tədbirlərdən birində Azərbaycanın mövqeyini və regionla bağlı baxışlarını təqdim etmişəm.

ABŞ-də Azərbaycan və ümumilikdə Cənubi Qafqazla bağlı akademik və analitik işlərin səviyyəsinin daha da yüksəlməsinə töhfə vermək istəyirəm. Arzularımdan biri də regionumuzla bağlı ciddi araşdırmalar aparan, tələbələri, alimləri və siyasət mütəxəssislərini bir araya gətirən akademik və analitik platformanın formalaşmasında iştirak etməkdir. Harada çalışmağımdan asılı olmayaraq, Azərbaycan icmasının fəal üzvü olaraq qalmaq və ölkəmizin beynəlxalq mühitdə daha yaxşı tanınmasına xidmət etmək mənim üçün vacibdir.

AzərTac