Müasir hava hakimiyyəti uğrunda mübarizədə bir döyüş təyyarəsinin real dəyəri artıq onun sürət rekordları, dönmə radiusu və ya xarici görünüşü ilə deyil, ilk növbədə onun sensor arxitekturasının həssaslığı, məlumat emalı sürəti, silah kompleksinin effektiv məsafəsi və şəbəkə-mərkəzli döyüş mühitinə inteqrasiya dərinliyi ilə müəyyən olunur. Bu paradiqma XXI əsrin hava döyüşünü kökündən dəyişib: bugünkü döyüş sahəsində qalib gələn tərəf ən manevrli təyyarəyə deyil, düşməni ilk görən, ilk hədəfləyən və ilk vuran tərəfdir. Çin “Chengdu Aviasiya Korporasiyası” (CAC) və Pakistan Aeronautical Complex (PAC) tərəfindən birgə işlənib-hazırlanan JF-17 “Thunder” proqramı məhz bu fəlsəfi keçidin canlı bir salnaməsidir. Nisbətən sadə, yüngül və qənaətcil bir planer bazasının üzərində qurulmuş bu platforma, iyirmi ildən artıq davam edən təkamül prosesində konseptual bir “kəşfiyyat-döyüş” təyyarəsindən müasir 4+ nəsil qırıcının astanasına yüksəlib. Bu təkamül xəttini dərindən başa düşmək (“Block-I”in ilkin döyüş məntiqindən “Block-III”ün sensor-mərkəzli döyüş ekosisteminə qədər olan uçurumu dərk etmək) Azərbaycanın illərlə davam edən səbirli gözləmə strategiyasının və nəhayət yalnız ən son variantı seçməsinin əsl strateji rasionalını anlamağın açarıdır.

JF-17-nin doğuş nöqtəsi olan “Block-I” əslində bütün proqramın texnoloji və sənaye özülünü qoyan mərhələ idi və onu təcrid olunmuş bir məhsul kimi deyil, uzun bir yolun ilk pilləsi kimi qiymətləndirmək lazımdır. Bu variantın əsas missiyası döyüş qabiliyyətini sübuta yetirmək qədər, Pakistan üçün müstəqil aviasiya istehsal bazasını formalaşdırmaq, istehsal xəttini stabilləşdirmək və milli texniki kadr potensialını yetişdirmək idi. “Block-I” “Klimov RD-93” turboreaktiv mühərriki ilə təchiz olunmuşdu ki, bu mühərrik “MiQ-29”da istifadə olunan RD-33-ün törəməsi olub, təxminən 84-85 kN itələmə qüvvəsi təmin edirdi. Bu, platformaya kifayət qədər sürət və dırmaşma sürəti versə də, mühərrikin Rusiya mənşəli olması strateji asılılıq baxımından proqramın həssas nöqtəsi idi və bu məsələ sonrakı bloklarda daim gündəmdə qalacaqdı.
“Block-I”in beyni sayılan radar sistemi mexaniki skan edən (Mechanically Scanned Array – MSA) prinsipinə əsaslanan KLJ-7 idi ki, onun aşkarlanma məsafəsi hədəfin radar kəsiyindən (RCS) asılı olaraq təxminən 75-105 kilometr həddində dəyişirdi. Bu radar öz dövrü üçün funksional olsa da, mexaniki antennanın fiziki hərəkət məhdudiyyəti onun “izlə-skan et” rejimində eyni anda emal edə biləcəyi hədəflərin sayını, məlumat yeniləmə tezliyini və atəş idarəetmə həllərinin dəqiqliyini ciddi şəkildə məhdudlaşdırırdı.
“Block-I” görmə xəttindən kənar (BVR) döyüş qabiliyyətini SD-10 (PL-12) orta mənzilli aktiv radar başlıqlı raketlərlə təmin edirdi, lakin bu qabiliyyət tam potensialını radar məhdudiyyətləri səbəbindən aça bilmirdi. Bundan başqa, “Block-I”də havadan-havaya yanacaqdoldurma sistemi mövcud deyildi ki, bu da onun döyüş radiusunu və vurma müddətini yalnız daxili yanacaq ehtiyatı və xarici konteyner baklarla məhdudlaşdırırdı. Strateji dərinlikdə əməliyyat aparmaq baxımından bu, ciddi bir çatışmazlıq idi. Struktur baxımından da ilkin partiyalar müəyyən çəki artıqlığından və istehsal texnologiyasının kamil olmamasından əziyyət çəkirdi ki, bu da həm faydalı yükün daşınmasına, həm də istismar ömrünə mənfi təsir göstərirdi. Nəticə etibarilə “Block-I” işlək, döyüşə yararlı, lakin döyüş potensialını hələ tam açmamış bir “birinci nəsil JF-17” idi və onun əsas dəyəri məhz gələcək təkmilləşdirmələr üçün etibarlı bir platforma bazası yaratmasında idi.

“Block-II” variantı bu təməl üzərində köklü konseptual dəyişiklik yox, lakin son dərəcə əhəmiyyətli operativ və struktur təkmilləşdirmələr toplusu təqdim etdi və onun mahiyyətini bir cümlə ilə ifadə etmək olar: platformanın çevikliyinin, dözümlülüyünün və strateji əhatə dairəsinin genişləndirilməsi. Bu blokun ən nəzərəçarpan yeniliyi havadan yanacaqdoldurma sisteminin inteqrasiyası idi ki, bu bir görünüşdə sadə əlavə əslində platformanın döyüş fəlsəfəsini keyfiyyətcə dəyişirdi. Havada yanacaqdoldurma qabiliyyəti qırıcıya daha uzun müddət havada patrul aparmaq, daha uzaq hədəflərə çatmaq, kritik anlarda döyüş zonasında daha çox qalmaq və nəticədə daha az sayda təyyarə ilə daha geniş operativ zonanı əhatə etmək imkanı verirdi. Bu isə məhdud parkı olan hava qüvvələri üçün strateji kütlə çoxaldıcı rolu oynayırdı.
Bununla yanaşı, “Block-II”də planer istehsal texnologiyaları əhəmiyyətli dərəcədə təkmilləşdirildi: kompozit materialların tətbiq dairəsi genişləndirildi, struktur çəki optimallaşdırıldı və istehsal keyfiyyəti stabilləşdirildi ki, bu da həm təyyarənin xidmət ömrünü uzatdı, həm də istismar zamanı texniki xidmət yükünü azaltdı. Avionika sistemlərində və məlumat mübadiləsi (data-link) infrastrukturunda müəyyən təkmilləşdirmələr aparıldı, raelektron özünümüdafiə sistemləri gücləndirildi və kabin erqonomikası nisbətən yaxşılaşdırıldı. Lakin burada kritik bir məqamı vurğulamaq son dərəcə vacibdir: bütün bu təkmilləşdirmələrə baxmayaraq, “Block-II” öz mahiyyət etibarilə hələ də mexaniki skan radar arxitekturasına sadiq qalırdı. Yəni platformanın “hiss etmə” və düşmən hava mühitini emal etmə qabiliyyətinin fundamental limiti dəyişməmiş qalmışdı. “Block-II” daha uzağa uçur, daha uzun müddət döyüşür və daha dözümlü idi, lakin döyüş sahəsini “Block-I” ilə mahiyyətcə eyni gözlərlə görürdü. Məhz bu fundamental sensor məhdudiyyəti idi ki, Azərbaycan kimi köhnəlmiş “MiQ-29” parkını əvəz edəcək və qonşuları qarşısında keyfiyyət üstünlüyü təmin edəcək bir sıçrayış axtaran dövlət üçün nə “Block-I”, nə də “Block-II” qəbuledilən həll təklif etmirdi. Bu variantlar mövcud “MiQ-29” imkanlarına nəzərən müəyyən irəliləyiş olsa da, real döyüş üstünlüyü yaradacaq nəsl fərqini təmin etmirdi.

Əsl paradiqma dəyişikliyi, texnoloji sıçrayış və proqramın bütöv fəlsəfəsinin transformasiyası “Block-III” ilə baş verdi və bu variant JF-17-ni sadəcə təkmilləşdirilmiş bir təyyarə deyil, faktiki olaraq yeni bir döyüş konsepsiyasına çevirdi. Bu transformasiyanın mərkəzində, hər şeydən əvvəl, mexaniki skan radarından aktiv fazalı qəfəs antennasına malik (Active Electronically Scanned Array – AESA) KLJ-7A radarına keçid dayanır ki, bu təkbaşına bütün digər yenilikləri müəyyən edən əsas amildir. AESA texnologiyası minlərlə müstəqil ötürücü-qəbuledici modul (T/R modul) vasitəsilə radar şüasını fiziki hərəkət olmadan, elektron sürətlə istənilən istiqamətə yönəltməyə imkan verir və bu, mexaniki radarlarla müqayisədə kvalitativ bir üstünlük yaradır.
KLJ-7A-nın aşkarlanma məsafəsi hədəfin növündən asılı olaraq təxminən 170 kilometr və üzərinə çatır, lakin əsl üstünlük yalnız məsafədə deyil. Bu radar eyni anda onlarla hədəfi müşayiət edə, bir neçəsini eyni vaxtda hədəfləyib vura bilər, radioelektron müdaxiləyə qarşı yüksək müqavimət göstərir, aşağı ehtimallı ələ keçirilmə rejimlərində fəaliyyət göstərərək öz mövcudluğunu düşmən radar xəbərdarlıq sistemlərindən gizlədə bilir və eyni zamanda sinerjik radioelektron mübarizə funksiyalarını yerinə yetirə bilir. Bu qabiliyyət platformanın döyüş sahəsindəki situasiya məlumatlılığını tamamilə yeni bir müstəviyə qaldırır. Radardakı bu inqilab təbii olaraq silah kompleksində də inqilaba yol açdı: “Block-III” uzun mənzilli PL-15 raketini daşıya bilir ki, bu raket aktiv radar başlığı, iki impulslu bərk yanacaqlı mühərriki və onlarla kilometrlik effektiv vurma məsafəsi ilə düşmən üzərində “ilk gör, ilk vur, ilk məhv et” üstünlüyünü təmin edir və müasir BVR döyüşündə həlledici amilə çevrilir. Yaxın döyüş üçün isə platforma yüksək manevrli, geniş bucaqlı hədəfləmə qabiliyyətli PL-10 infraqırmızı raketi ilə təchiz olunub ki, bu raket dəbilqəyə quraşdırılmış hədəfləmə sistemi ilə birlikdə pilota hədəfə birbaşa baxaraq onu kilidləmək imkanı verir.

Kabin arxitekturası da “Block-III”də köklü şəkildə yenidən qurulub: tam rəngli geniş sahəli çoxfunksiyalı sensor displeyi, təkmilləşdirilmiş insan-maşın interfeysi (HMI) və müasir üçoxlu rəqəmsal “fly-by-wire” uçuş idarəetmə sistemi pilotun idrak yükünü azaldır, məlumatların vahid inteqrasiya olunmuş mənzərə şəklində təqdim olunmasını təmin edir və döyüş qərarlarının qəbulu sürətini kəskin şəkildə artırır. Bunlara əlavə olaraq, platformaya inteqrasiya olunmuş infraqırmızı axtarış və müşayiət (IRST) sistemi passiv rejimdə, radar şüasını yaymadan hədəfləri aşkarlamağa imkan verir ki, bu da xüsusilə radar-gizli mühitlərdə kritik üstünlük yaradır; təkmil radioelektron mübarizə paketi platformanın həm özünümüdafiə, həm də hücum EW imkanlarını gücləndirir; müasir data-link infrastrukturu isə təyyarəni digər hava, yer və dəniz platformaları ilə real vaxt rejimində məlumat mübadiləsi aparan şəbəkə-mərkəzli döyüşün tam hüquqlu bir düyün nöqtəsinə çevirir. Beləliklə, “Block-III” artıq təkbaşına döyüşən izolyasiyalı bir platforma deyil, daha böyük bir döyüş ekosisteminin sensor və zərbə qovşağıdır.

Bu üç blokun ümumi mənzərəsini bütöv bir təkamül məntiqi kimi qiymətləndirdikdə, aydın bir keyfiyyət keçidləri xətti üzə çıxır: “Block-I” platformanın doğuşunu və döyüş qabiliyyətinin ilkin təsdiqini, “Block-II” onun operativ yetkinləşməsini, strateji çevikliyini və struktur dözümlülüyünü, “Block-III” isə onun döyüş fəlsəfəsinin tam transformasiyasını təmsil edir. İlk iki variant arasındakı fərq mahiyyət etibarilə təkamül xarakteri daşıyırdısa (yəni eyni əsas konsepsiyanın mühərrik istismarı, yanacaqdoldurma imkanı və struktur təkmilləşdirmə çərçivəsində inkişafı idisə - red.) “Block-III” ilə keçid inqilab xarakteri daşıyır, çünki o, platformanın hədəfi necə “gördüyünü”, məlumatı necə emal etdiyini, silahı necə tətbiq etdiyini və döyüş şəbəkəsi ilə necə inteqrasiya olunduğunu köklü şəkildə dəyişir. “Block-I” və “Block-II” düşməni müəyyən məsafədən aşkarlayıb vura bilən klassik dördüncü nəsil məntiqi ilə fəaliyyət göstərirdisə, “Block-III” sensor-mərkəzli, şəbəkə-inteqrasiyalı 4+ nəsil məntiqinə keçir. Burada radar, silah, kabin, radioelektron mübarizə və rabitə sistemləri artıq ayrı-ayrı komponentlər kimi deyil, vahid, sinerjik və özünü qarşılıqlı gücləndirən bir döyüş orqanizmi kimi fəaliyyət göstərir.
Məhz bu fundamental keyfiyyət uçurumu (daha uzağı görmə, daha çox hədəfi emal etmə, daha uzaqdan vurma, daha yaxşı gizlənmə və daha dərin şəbəkə inteqrasiyası) Azərbaycanın niyə əvvəlki nəsillərdən şüurlu şəkildə imtina edərək, qırıcı ehtiyacı olmasına baxmayaraq səbirlə yalnız “Block-III” variantını gözlədiyini izah edir. Bu strateji seçimin ardındakı hərbi-doktrinal, regional balans və milli müdafiə iqtisadiyyatı məntiqini isə növbəti yazımızda ətraflı təhlil edəcəyik.