XƏBƏRLƏR

Yeniliklər 22 İyul 2026, 21:55

Azərbaycan milli komandası Beynəlxalq İqtisadiyyat Olimpiadasında bir gümüş və bir bürünc medal qazanıb

Azərbaycan milli komandası Beynəlxalq İqtisadiyyat Olimpiadasında bir gümüş və bir bürünc medal qazanıb

Çinin Şençjen şəhərində 52 ölkənin iştirakı ilə Beynəlxalq İqtisadiyyat Olimpiadası (IEO 2026) keçirilib. Azərbaycan milli komandası uğurla iştirak edərək bir gümüş və bir bürünc medal qazanıb.

Bu barədə “Global Olympiad Center”dən məlumat verilib. Olimpiadanın yekun nəticələrinə əsasən, Daniyar Əliyev gümüş, Ayşə Tapdıqzadə isə bürünc medala layiq görülüb.

Beynəlxalq finalda iştirakçılar iqtisadiyyat və maliyyə üzrə qapalı və açıq tipli tapşırıqları yerinə yetirib, həmçinin biznes keys üzrə hazırladıqları həlləri ingilis dilində münsiflər heyəti qarşısında təqdim ediblər.

Azərbaycanı yarışda Daniyar Əliyev, Ayşə Tapdıqzadə, Bayram Eyyubov, Nurtəm Qasımzadə və Fatimə Əhmədovadan ibarət milli komanda təmsil edib. Komandaya Ləman Quliyeva rəhbərlik edib.

Azərbaycan komandası builki nəticə ilə əvvəlki göstəricisini daha da yaxşılaşdırıb. 2025-ci ildə ölkəmizin komandası üç bürünc medal əldə etdiyi halda, 2026-cı ildə medal səviyyəsini yüksəldərək bir gümüş və bir bürünc medal qazanıb. Azərbaycan Beynəlxalq İqtisadiyyat Olimpiadasında ilk dəfə 2024-cü ildə təmsil olunub. Builki yarış ölkəmizin ardıcıl üçüncü il təmsil olunduğu beynəlxalq final olub.

Olimpiada proqramı çərçivəsində şagirdlər yalnız akademik yarışlarda iştirak etməyib, eyni zamanda, Şençjen şəhərinin təhsil, iqtisadi və mədəni mühiti ilə yaxından tanış olublar. Komanda Pekin Universitetinin Şençjendə yerləşən HSBC Biznes Məktəbini ziyarət edib, müxtəlif akademik və mədəni proqramlarda iştirak edib.

Azərbaycanın Beynəlxalq İqtisadiyyat Olimpiadası üzrə milli seçim mərhələsi ölkənin rəsmi təşkilatçısı “Global Olympiad Center” tərəfindən həyata keçirilib.

AzərTac