Bakı Mühəndislik Universitetinin biologiya (hazırda biotexnologiya) ixtisası üzrə 2024-cü il məzunu Əsli Əlizadə Almaniyanın üç nüfuzlu ali təhsil müəssisəsinin magistratura proqramlarına qəbul olunub. O, təhsilini bitki elmləri ixtisası üzrə Bonn Universitetində davam etdirmək qərarına gəlib.
Əsli Əlizadə açıqlamasında bildirib ki, Almaniyanın müxtəlif universitetlərinə qəbul prosesi onun üçün uzun və məsuliyyətli mərhələ olub. Bu müddət ərzində məqsədyönlülük, səbir və davamlı zəhmətin uğurun əsas şərtləri olduğunu daha yaxından dərk edib.
Məzun qeyd edib ki, qəbul məktubu aldığı universitetlər arasında seçim edərkən Bonn Universitetinə üstünlük verib. Bu ali təhsil müəssisəsi aqrar elmlər sahəsində dünyanın tanınmış universitetlərindən biridir və burada qazanacağı bilik və təcrübə gələcəkdə Azərbaycanın kənd təsərrüfatı və elm sahələrinin inkişafına töhfə verməsinə imkan yaradacaq.
Əsli Əlizadə vurğulayıb ki, bakalavriat təhsili dövründə yalnız nəzəri biliklərlə kifayətlənməyib: “Laboratoriya təcrübələri, tədqiqat işləri və könüllü fəaliyyət mənim həm peşəkar, həm də şəxsi inkişafımda mühüm rol oynayıb. Bu fəaliyyətlər yeni bacarıqlar qazanmağıma, elmi araşdırmalara daha yaxından cəlb olunmağıma və hədəflərimi daha aydın müəyyənləşdirməyimə kömək edib”.
BMU məzunu aqrar genomika istiqamətini seçməsinin səbəblərindən də danışıb. O qeyd edib ki, biologiya üzrə təhsil aldığı müddətdə bitki elmlərinin aqrar sahənin inkişafında böyük əhəmiyyət daşıdığını görüb. İqlim dəyişiklikləri, torpaq məhsuldarlığının azalması və ərzaq təhlükəsizliyi kimi qlobal problemlərin kənd təsərrüfatında elmi yanaşmaların tətbiqini zəruri etdiyini vurğulayan Əsli Əlizadə qarabağlı olması səbəbindən bu sahəyə xüsusi maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, Qarabağın yenidən qurulması və torpaqların əvvəlki məhsuldarlığının bərpası aqrar elmlərə marağının daha da artmasına təsir edib.
Gələcək planlarından danışan məzun magistratura təhsilini məqsədin sonu deyil, yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. O, Bonn Universitetində əldə edəcəyi bilik və təcrübə əsasında bitki elmləri sahəsində tədqiqatçı kimi formalaşmağı, daha sonra doktorantura təhsili alaraq elmi fəaliyyətini davam etdirməyi hədəflədiyini deyib.
Əsli Əlizadə hesab edir ki, əsl uğur yalnız xaricdə təhsil almaqla ölçülmür. Onun fikrincə, əsas məsələ qazanılan bilik və bacarıqları ölkənin inkişafına yönəldə bilməkdir. O, gələcəkdə Azərbaycanı elmi nailiyyətləri ilə beynəlxalq səviyyədə layiqincə təmsil etməyi və ölkəsinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb.
Xaricdə təhsil almağı hədəfləyən gənclərə tövsiyələrini çatdıran BMU məzunu onların öz potensiallarına inanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, uğura gedən yolda dil biliklərinin inkişaf etdirilməsi, düzgün planlaşdırma və müraciət prosesinə ciddi yanaşma mühüm rol oynayır.
“İlk növbədə, özlərinə inanmağı və böyük hədəflər qoymaqdan çəkinməməyi tövsiyə edərdim. Dil biliklərini gücləndirmək, vaxtında araşdırma aparmaq və hər müraciəti məsuliyyətlə hazırlamaq uğurun əsas şərtlərindəndir”, - deyə Əsli Əlizadə əlavə edib.