XƏBƏRLƏR

Yeniliklər 27 İyul 2026, 11:00

TUSAŞ: HÜRKUŞ Azərbaycana hazırlanır, ANKA-3 və T925 üzrə yeni tarixlər açıqlanıb

TUSAŞ: HÜRKUŞ Azərbaycana hazırlanır, ANKA-3 və T925 üzrə yeni tarixlər açıqlanıb

TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu HÜRKUŞ-2, ANKA-3 və T925 proqramlarının gedişi, eləcə də ixrac planları ilə bağlı yeni açıqlamalar verib.

Mehmet Dəmiroğlu “Airport” proqramında çıxışı zamanı HÜRKUŞ təlim təyyarəsinin ixrac potensialının artdığını, ANKA-3 üçün yenilənmiş seriya istehsalı konfiqurasiyasının hazırlandığını və T925 helikopterinin inkişaf təqviminin dəqiqləşdirildiyini bildirib.

Onun sözlərinə görə, daha əvvəl HÜRKUŞun A, B və C versiyaları ixrac edilsə də, platformanın yenilənməsinə ehtiyac yaranıb. Bu məqsədlə həyata keçirilən HÜRKUŞ-2 proqramı çərçivəsində bütün inkişaf sınaqları və sertifikatlaşdırma mərhələləri ötən ay başa çatdırılıb və layihə artıq təhvil mərhələsinə keçib.

“Azərbaycanla HÜRKUŞun ixracı üzrə danışıqlar imzalanma mərhələsinə çatıb. Körfəz, Afrika və Cənubi Amerika ölkələri də həm təlim, həm də silahlı versiyaya maraq göstərirlər”, - deyə Dəmiroğlu bildirib.

ANKA-3 proqramı ilə bağlı danışan TUSAŞ rəhbəri qeyd edib ki, ilk iki prototip üzərində aparılan sınaqlardan əldə edilən nəticələr əsasında platformanın konstruksiyası yenilənib. Hazırda son seriya istehsalı konfiqurasiyasına aid prototiplər hazırlanır.

Onun sözlərinə görə, yenilənmiş ANKA-3 bu ilin sonunadək hazır olacaq, ilk uçuş isə 2027-ci ilin birinci rübündə həyata keçiriləcək.

“Yeni versiyada radiolokasiya görünürlüğünü azaltmaq üçün əlavə təkmilləşdirmələr aparılıb, boya və örtük texnologiyaları yenilənib, uçuş məsafəsi və havada qalma müddəti artırılıb, faydalı yük isə 1,3 tondan 1,7 tona çatdırılıb”, - deyə Dəmiroğlu bildirib.

O vurğulayıb ki, ANKA-3 artıq yalnız hava-yer tapşırıqları üçün deyil, zərurət yarandıqda hava-hava döyüş tapşırıqlarını da yerinə yetirə biləcək. Platformanın ilk təhvilinin 2027-ci ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılır.

T925 helikopteri barədə danışan Mehmet Dəmiroğlu bildirib ki, bu, TUSAŞ-ın hələ ilk uçuşunu etməmiş yeganə platformasıdır. Son konfiqurasiyaya malik nümunənin bu ilin sonunda hazır olması, ilk uçuşun isə 2027-ci ilin birinci rübündə baş tutması nəzərdə tutulur.

Onun sözlərinə görə, prototiplər istisna olmaqla ilk səkkiz helikopter meşə yanğınlarının söndürülməsi üçün Meşə Baş İdarəsinə təhvil veriləcək. T925 19 nəfər daşımaq və 4 tona qədər su götürmək imkanına malik olacaq.

Dəmiroğlu əlavə edib ki, Hərbi Hava Qüvvələri, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Jandarma, Xüsusi Təyinatlı Qüvvələr və Sahil Mühafizəsi üçün hərbi konfiqurasiya üzərində işlər davam edir. T925-in hərbi versiyasının ilk təhvilinin 2028-ci ildə, digər konfiqurasiyalarının isə 2029-2030-cu illərdə istifadəyə verilməsi planlaşdırılır.

ordu.az