XƏBƏRLƏR

Yeniliklər 30 İyul 2026, 13:00

Xüsusi təyinatlılar: ABŞ, Türkiyə, Pakistan və Azərbaycanın təcrübəsi

Xüsusi təyinatlılar: ABŞ, Türkiyə, Pakistan və Azərbaycanın təcrübəsi

Müasir hərb sənətində döyüşün nəticəsini müəyyən edən amillər əvvəlki onilliklərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib. Əgər keçmişdə qələbə əsasən canlı qüvvənin sayı, ağır zirehli texnika və artilleriya üstünlüyü ilə əlaqələndirilirdisə, bu gün əməliyyatların uğuru daha çox çevik idarəetmə, dəqiq kəşfiyyat və yüksək hazırlıqlı xüsusi təyinatlı bölmələrin fəaliyyətindən asılıdır. Müasir silahlı münaqişələr göstərir ki, strateji əhəmiyyət daşıyan tapşırıqların böyük hissəsi artıq kiçik, lakin peşəkar hazırlığa malik bölmələr tərəfindən icra olunur. Xüsusi təyinatlı qüvvələr ən mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirmək üçün formalaşdırılmış hərbi birləşmələrdir. Onların əsas vəzifələrinə xüsusi kəşfiyyatın aparılması, terrorçuluğa qarşı əməliyyatların icrası, strateji obyektlərin nəzarətə götürülməsi, girovların azad edilməsi, düşmən arxasında fəaliyyət, yüksək riskli hədəflərin zərərsizləşdirilməsi və digər qoşun növlərinin irəliləyişinə şərait yaradılması daxildir. Bu tapşırıqların yerinə yetirilməsi fiziki hazırlıqla yanaşı, yüksək peşəkarlıq, psixoloji dayanıqlıq, dəqiq koordinasiya və müstəqil qərarvermə bacarığı tələb edir.

Son 30 ildə baş vermiş silahlı münaqişələr xüsusi təyinatlı qüvvələrin rolunun daha da artdığını nümayiş etdirib. Əfqanıstan və İraqda terrorçuluğa qarşı həyata keçirilən əməliyyatlar, Türkiyənin Suriya və İraq istiqamətində apardığı antiterror tədbirləri, Pakistanın silahlı ekstremist qruplara qarşı mübarizə təcrübəsi, eləcə də Azərbaycanın 44 günlük Vətən müharibəsində tətbiq etdiyi müasir əməliyyat konsepsiyası göstərdi ki, xüsusi təyinatlı bölmələr artıq təkcə yardımçı qüvvə deyil, bir çox hallarda əməliyyatın gedişinə birbaşa təsir göstərən əsas döyüş komponentidir.

Məhz buna görə dünyanın aparıcı ordularında xüsusi təyinatlı qüvvələrin inkişafı prioritet istiqamətlərdən biri hesab olunur. Yeni nəsil silah sistemlərinin tətbiqi, pilotsuz uçuş aparatlarından əldə olunan kəşfiyyat məlumatlarının operativ emalı, rəqəmsal rabitə vasitələrinin inkişafı və müxtəlif qoşun növləri arasında koordinasiyanın təkmilləşdirilməsi xüsusi əməliyyatların planlaşdırılması və icrasına da ciddi təsir göstərib. Müasir xüsusi təyinatlı döyüşçü artıq yalnız yüksək fiziki hazırlığa malik hərbçi deyil, eyni zamanda, mürəkkəb texnologiyalarla işləməyi bacaran, qısa müddətdə vəziyyəti qiymətləndirərək düzgün qərar qəbul edən yüksək intellektə malik peşəkar mütəxəssisdir. Bununla yanaşı, hər bir ölkənin xüsusi təyinatlı qüvvələrinin hazırlıq sistemi milli təhlükəsizlik mühiti və qarşılaşdığı təhdidlər nəzərə alınmaqla formalaşdırılır. Qlobal miqyasda fəaliyyət göstərən dövlətlər uzaqmənzilli xüsusi əməliyyatlara üstünlük verdiyi halda, terrorçuluq təhlükəsinin yüksək olduğu regionlarda yerləşən ölkələr dağlıq ərazilərdə döyüş, sərhəd təhlükəsizliyi və antiterror əməliyyatlarına daha çox diqqət yetirirlər. Bu fərqlərə baxmayaraq, bütün xüsusi təyinatlı məktəblərini birləşdirən ortaq prinsip dəyişməz qalır: döyüş meydanında uğur yalnız uzunmüddətli hazırlıq, ciddi seçim sistemi və real döyüş təcrübəsinin vəhdəti nəticəsində əldə edilir.

Bu baxımdan ABŞ, Türkiyə, Pakistan və Azərbaycanın xüsusi təyinatlı qüvvələri müxtəlif coğrafi və əməliyyat şəraitində formalaşsalar da, onların hazırlıq sistemlərinin əsas məqsədi eynidir - ən mürəkkəb şəraitdə belə tapşırığı dəqiq, çevik və minimum itki ilə yerinə yetirə bilən peşəkar döyüşçü hazırlamaq. Məhz buna görə son illərdə bu ölkələrin xüsusi təyinatlı bölmələrinin real əməliyyat təcrübəsi, hazırlıq metodikası və beynəlxalq təlimlərdə əldə etdikləri nəticələr hərbi ekspertlərin diqqət mərkəzindədir. Müasir xüsusi təyinatlı qüvvələrin hazırlıq sistemini qiymətləndirərkən əsas meyar onların real döyüş şəraitində əldə etdikləri təcrübə hesab olunur. Çünki ən mükəmməl təlim proqramı belə insan amili nəzərə alınmadıqda və döyüş meydanında sınaqdan keçirilmədikcə öz effektivliyini tam sübut edə bilmir. Bu səbəbdən dünyanın aparıcı orduları hər bir əməliyyatdan sonra əldə olunan nəticələri təhlil edir, aşkar olunan çatışmazlıqları aradan qaldırır və hazırlıq proqramlarını müasir təhlükələrə uyğun şəkildə yeniləyirlər.

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Qüvvələr Komandanlığı son illərdə həyata keçirilən antiterror əməliyyatları zamanı mühüm döyüş təcrübəsi qazanıb. 2016-cı ildə Suriyanın şimalında keçirilən "Fərat Qalxanı" əməliyyatı zamanı xüsusi təyinatlı bölmələr yaşayış məntəqələrinin terrorçu qruplaşmalardan təmizlənməsi, xüsusi kəşfiyyatın aparılması və digər bölmələrin irəliləməsinin təmin edilməsi kimi tapşırıqları yerinə yetirdilər. 2018-ci ildə həyata keçirilən "Zeytun Budağı" əməliyyatı şəhər və dağlıq ərazilərdə aparılan antiterror fəaliyyətinin yeni mərhələsini formalaşdırdı. Daha sonra "Barış Pınarı" əməliyyatı və İraqın şimalında uzun müddət davam etdirilən "Pəncə" silsilə əməliyyatları göstərdi ki, xüsusi təyinatlı bölmələrin uğuru pilotsuz uçuş aparatlarından alınan kəşfiyyat məlumatlarının operativ istifadəsi, dəqiq koordinasiya və kiçik taktiki qrupların çevik fəaliyyəti ilə birbaşa bağlıdır. Məhz bu əməliyyatlardan sonra Türkiyə xüsusi təyinatlılarının hazırlıq proqramlarında pilotsuz sistemlərlə qarşılıqlı fəaliyyət, gecə döyüşü və dağ şəraitində xüsusi əməliyyat elementlərinə daha geniş yer ayrılmağa başlandı.

ABŞ Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri isə XXI əsrdə keçirilən antiterror əməliyyatlarının inkişafında mühüm rol oynayıb. Əfqanıstanda həyata keçirilən "Anakonda" əməliyyatı mürəkkəb dağlıq relyefdə xüsusi təyinatlıların fəaliyyətinin planlaşdırılması baxımından əhəmiyyətli təcrübə qazandırdı. 2005-ci ildə həyata keçirilən "Qırmızı Qanadlar" əməliyyatı xüsusi əməliyyatlar zamanı kəşfiyyat, rabitə və qarşılıqlı fəaliyyətin əhəmiyyətini bir daha nümayiş etdirdi. 2011-ci ildə Pakistanda keçirilən "Neptun Nizəsi" əməliyyatı isə uzunmüddətli planlaşdırma, yüksək məxfilik, dəqiq koordinasiya və peşəkar hazırlığın uğurlu xüsusi əməliyyatın əsas şərtləri olduğunu göstərdi. Bu əməliyyatlardan əldə olunan nəticələr ABŞ xüsusi əməliyyat qüvvələrinin hazırlığında şəhər döyüşü, gecə əməliyyatları, pilotsuz sistemlərin tətbiqi və müxtəlif qoşun növlərinin inteqrasiya olunmuş fəaliyyəti istiqamətlərinin daha da inkişaf etdirilməsinə səbəb oldu.

Pakistan Ordusunun Xüsusi Xidmət Qrupu uzun illər terrorçuluğa qarşı aparılan əməliyyatlar nəticəsində özünəməxsus hazırlıq məktəbi formalaşdırıb. 2009-cu ildə keçirilən "Rah-e-Nicat" və 2014-cü ildə başladılan "Zərb-e-Əzb" antiterror əməliyyatları zamanı xüsusi təyinatlı bölmələr dağlıq və çətin keçilən ərazilərdə silahlı qruplaşmalara qarşı fəaliyyət göstərərək mühüm təcrübə qazandılar. Bu əməliyyatlar Pakistan xüsusi təyinatlılarının hazırlığında uzunməsafəli dağ yürüşləri, gecə əməliyyatları, xüsusi kəşfiyyat, paraşüt hazırlığı və məhdud təminat şəraitində sağqalma bacarıqlarının daha da təkmilləşdirilməsinə təkan verdi. Hazırlığın əsas məqsədi uzun müddət müstəqil fəaliyyət göstərə bilən, çətin relyefdə tapşırıqları yerinə yetirməyə qadir peşəkar döyüşçülərin hazırlanması idi. Müxtəlif ölkələrin döyüş təcrübəsi göstərir ki, xüsusi təyinatlı qüvvələrin uğuru təsadüfi deyil. Hər bir uğurlu əməliyyatın arxasında illərlə davam edən hazırlıq prosesi, ciddi seçim sistemi, müasir texnologiyaların tətbiqi və real əməliyyatlardan çıxarılan dərslərin hazırlıq proqramlarına inteqrasiyası dayanır. Məhz buna görə müasir ordular xüsusi təyinatlı bölmələrin döyüş hazırlığını statik deyil, daim inkişaf edən və dəyişən proses kimi qiymətləndirirlər. Bu yanaşma Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hazırlıq sistemində də öz əksini tapır və son illərdə keçirilən ölkədaxili və beynəlxalq təlimlərin məzmununda aydın şəkildə müşahidə olunur. Xüsusi təyinatlı qüvvələrin peşəkarlığını müəyyən edən əsas amil onların malik olduqları silah və texnika deyil, formalaşdıqları hazırlıq sistemidir. Müasir hərbi doktrinalarda xüsusi əməliyyatların uğuru fiziki hazırlıq, psixoloji dayanıqlıq, taktiki düşüncə, müstəqil qərarvermə və bölmə daxilində qarşılıqlı fəaliyyətin vəhdəti kimi qiymətləndirilir. Bu səbəbdən ABŞ, Türkiyə, Pakistan və Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin hazırlıq proqramlarında müəyyən fərqlər olsa da, onların hamısını birləşdirən ortaq xüsusiyyət yüksək seçim meyarları və fasiləsiz təlim prosesidir.

ABŞ xüsusi əməliyyat qüvvələrinin hazırlıq konsepsiyası dünyanın müxtəlif regionlarında fəaliyyət göstərmək imkanına əsaslanır. Namizədlər ağır fiziki sınaqlarla yanaşı, psixoloji qiymətləndirmədən, xüsusi kəşfiyyat, paraşüt hazırlığı, SERE (Sağqalma, Yayınma, Müqavimət və Xilasolma) kursları, yaşayış məntəqələrində yaxın məsafəli döyüş və müxtəlif iqlim şəraitində uzunmüddətli fəaliyyət proqramlarından keçirlər. Məqsəd müstəqil qərar qəbul edə bilən, məhdud təminat şəraitində tapşırığı yerinə yetirməyi bacaran yüksək intellektual səviyyəyə malik, bir neçə xarici dil bilən peşəkar xüsusi əməliyyat döyüşçüsü hazırlamaqdır.

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Qüvvələr Komandanlığında hazırlıq proqramı ölkənin təhlükəsizlik mühiti nəzərə alınmaqla qurulub. Dağ hazırlığı, qayaya dırmanma, helikopterlə yerdəyişmə və təxliyə, paraşüt hazırlığı, xüsusi kəşfiyyat, snayper hazırlığı və yaşayış məntəqələrində antiterror əməliyyatları təlimlərin əsas istiqamətlərini təşkil edir. Son illərdə Suriya və İraq istiqamətində həyata keçirilən antiterror əməliyyatlarından əldə olunan təcrübə nəticəsində pilotsuz uçuş aparatlarından alınan kəşfiyyat məlumatlarının xüsusi əməliyyatlarla inteqrasiyası, gecə döyüşü və kiçik taktiki qrupların fəaliyyəti hazırlıq proqramlarında daha geniş yer tutmağa başlayıb.

Pakistan Ordusunun Xüsusi Xidmət Qrupunun hazırlıq sistemi isə yüksək dağlıq ərazilərdə və mürəkkəb coğrafi şəraitdə fəaliyyət üzərində qurulub. Hazırlıq proqramına uzunməsafəli yürüşlər, paraşüt hazırlığı, dağ şəraitində xüsusi əməliyyatlar, gecə döyüşü, xüsusi kəşfiyyat və məhdud təminat şəraitində sağqalma elementləri daxildir. Uzun illər davam edən antiterror əməliyyatları Pakistan xüsusi təyinatlılarının dağ döyüşü və kiçik taktiki qrupların müstəqil fəaliyyəti sahəsində zəngin təcrübə formalaşdırmasına imkan verib.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hazırlıq sistemi də son illərdə müasir xüsusi əməliyyat konsepsiyasına uyğun şəkildə inkişaf etdirilib. Hazırlıq proqramlarında dağ hazırlığı, paraşüt hazırlığı, xüsusi kəşfiyyat, snayper hazırlığı, yaşayış məntəqələrində döyüş, gecə əməliyyatları, müxtəlif maneələrin dəf edilməsi və sağqalma kursları mühüm yer tutur. Xüsusi diqqət fiziki hazırlıqla yanaşı, psixoloji dayanıqlığın, liderlik keyfiyyətlərinin və bölmə daxilində qarşılıqlı fəaliyyət bacarıqlarının inkişafına yönəldilir. Namizədlərin seçim prosesi çoxmərhələli qiymətləndirmə əsasında aparılır və yalnız yüksək nəticə göstərən hərbi qulluqçular hazırlığın növbəti mərhələlərinə buraxılır. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hazırlıq sistemində ən çətin mərhələlərdən biri dünya ordularında "Cəhənnəm həftəsi" kimi tanınan seçim mərhələsidir. Bu mərhələnin məqsədi namizədin fiziki göstəricilərini yoxlamaqdan daha çox, uzunmüddətli gərginlik şəraitində onun iradəsini, psixoloji dayanıqlığını, kollektiv daxilində fəaliyyət qabiliyyətini və tapşırıqları təzyiq altında icra etmək bacarığını qiymətləndirməkdir. Belə sınaqlar xüsusi təyinatlı hazırlığının ayrılmaz hissəsi olmaqla yanaşı, gələcək döyüş şəraitində qarşılaşa biləcək mürəkkəb situasiyalara uyğunlaşmanın da əsasını təşkil edir. Xüsusi təyinatlılarının peşəkar hazırlığında beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Türkiyə və Pakistan xüsusi təyinatlıları ilə keçirilən "Üç Qardaş", eləcə də "Sarsılmaz Qardaşlıq" beynəlxalq təlimləri müxtəlif döyüş məktəblərinin təcrübəsinin öyrənilməsi və qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təlimlər zamanı xüsusi kəşfiyyat, hava-desant əməliyyatları, yaşayış məntəqələrində antiterror fəaliyyəti, pusqu və əks-pusqu, snayper hazırlığı, dağ şəraitində döyüş və kiçik taktiki qrupların koordinasiyası üzrə müxtəlif ssenarilər məşq olunur. Bu cür təlimlər beynəlxalq təcrübənin mənimsənilməsinə və hazırlıq sisteminin davamlı təkmilləşdirilməsinə xidmət edir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hazırlıq səviyyəsi 2020-ci il Vətən müharibəsi zamanı da öz təsdiqini tapdı. Xüsusi təyinatlı bölmələr mürəkkəb dağlıq ərazilərdə aparılan əməliyyatlarda, əlverişsiz relyef şəraitində irəliləmənin təmin edilməsində və strateji əhəmiyyətli yüksəkliklərin azad edilərək nəzarətə götürülməsində iştirak ediblər. Xüsusilə Şuşanın azad olunması istiqamətində həyata keçirilən əməliyyatlar göstərdi ki, yüksək fiziki hazırlıq, dağ döyüşü üzrə peşəkarlıq, kiçik taktiki qrupların çevik fəaliyyəti və digər qoşun növləri ilə koordinasiya müasir döyüşün həlledici elementlərindəndir.

Bu təcrübə Azərbaycan Ordusunda xüsusi təyinatlı hazırlığının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində də mühüm rol oynadı. Müasir müharibələrin xarakteri dəyişdikcə xüsusi təyinatlı qüvvələrin üzərinə düşən vəzifələr də mürəkkəbləşir. Artıq onların fəaliyyəti yalnız xüsusi əməliyyatların icrası ilə məhdudlaşmır; kəşfiyyat məlumatlarının operativ emalı, pilotsuz sistemlərlə qarşılıqlı fəaliyyət, yüksək dəqiqlikli zərbələrin əlaqələndirilməsi və müxtəlif qoşun növlərinin vahid plan üzrə idarə olunması xüsusi əməliyyatların ayrılmaz hissəsinə çevrilib. Buna görə də xüsusi təyinatlı qüvvələrin hazırlığı bütün aparıcı ordularda davamlı şəkildə təkmilləşdirilir. Müasir döyüş meydanının reallıqları göstərir ki, yüksək hazırlıqlı xüsusi təyinatlı bölmələr gələcəkdə də orduların ən çevik, ən peşəkar və strateji əhəmiyyət daşıyan döyüş komponentlərindən biri olaraq qalacaq.

mod.gov.az