Azərbaycan ilk dəfə olaraq “Microsoft World Championship” və “Adobe World Championship” dünya finallarında eyni vaxtda təmsil olunub. İlk iştirakına baxmayaraq, Azərbaycanı təmsil edən iki gənc yarışlarda ilk onluqda yer alıb.
Bu barədə “Bakı Dizayn Akademiyası”nın təsisçisi Aysel Gülməmmədova məlumat verib. A.Gülməmmədova bildirib ki, iyulun 26-dan 29-dək ABŞ-nin Kaliforniya ştatının Anaheim şəhərində keçirilən dünya finallarında 42 ölkədən 310-dan çox iştirakçı mübarizə aparıb. Azərbaycanı ümumilikdə 6 gənc təmsil edib.
Onun sözlərinə görə, “Microsoft World Championship” istiqaməti üzrə UNEC-in II kurs tələbəsi Hüseyn Şükürov 6-cı, Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçüsü Nəzrin Miriyeva isə 9-cu yeri tutub.
“İlk dəfə iştirak etdiyimiz dünya çempionatında iki iştirakçımızın ilk onluqda yer alması Azərbaycan üçün mühüm nəticədir. Hüseyn Şükürovun 6-cı, Nəzrin Miriyevanın isə 9-cu yeri tutması gənclərimizin beynəlxalq səviyyədə rəqəmsal bacarıqlarını nümayiş etdirdiyini göstərir”, - deyə A.Gülməmmədova qeyd edib.
O bildirib ki, Azərbaycanı “Adobe World Championship” üzrə Məryəm Seyidova, Səbinə Nuriyeva və Səid Mövlamov, “Microsoft World Championship” üzrə isə Adil Seyidov, Hüseyn Şükürov və Nəzrin Miriyeva təmsil edib.
A.Gülməmmədovanın sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin dünya finalında iştirakına qədər Bakı Dizayn Akademiyası tərəfindən milli seçim mərhələsi təşkil olunub. Seçimlərə 500-dən çox gənc qatılıb. Onlardan 100 nəfər final hakatonunda iştirak etmək hüququ qazanıb.
“Seçim və hazırlıq mərhələsinin nəticəsində 50 azərbaycanlı gənc beynəlxalq sertifikat əldə edib. Ən yüksək nəticə göstərən 6 iştirakçı isə dünya finalına vəsiqə qazanıb. Bu proses gənclərin rəqəmsal bacarıqlarının inkişafı və onların beynəlxalq yarışlara hazırlanması baxımından əhəmiyyətli mərhələ oldu”, - deyə akademiyanın təsisçisi bildirib.
O qeyd edib ki, “Microsoft World Championship” istiqaməti Gənclər və İdman Nazirliyi, PAŞA Bank və ASAN İnnovativ İnkişaf Mərkəzinin, “Adobe World Championship” istiqaməti isə Mədəniyyət Nazirliyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə həyata keçirilib.
A.Gülməmmədova vurğulayıb ki, dövlət və özəl sektorun, eləcə də təhsil və texnologiya sahəsində fəaliyyət göstərən qurumların əməkdaşlığı Azərbaycanın gənc rəqəmsal istedadlarının beynəlxalq platformalarda iştirakına imkan yaradır.
“Microsoft World Championship” və “Adobe World Championship” rəqəmsal bacarıqlar sahəsində nüfuzlu beynəlxalq yarışlardandır. Azərbaycanın bu çempionatlarda ilk dəfə təmsil olunması və iki iştirakçının ilk onluqda yer alması ölkədə gənclərin rəqəmsal bacarıqlarının inkişafı istiqamətində formalaşan potensialın göstəricisidir”, - deyə A.Gülməmmədova əlavə edib.