GÖRKƏMLİ ALİMLƏR

Bir sıra elmi nəzəriyyələrin banisi olan görkəmli alim

Bir sıra elmi nəzəriyyələrin banisi olan görkəmli alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Ələsgərov Fuad Tağı oğlu 1951-ci il yanvarın 23-də Bakıda anadan olub. 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Mexanika-riyaziyyat fakültəsini bitirib. 1975-ci ildən Rusiya Elmlər Akademiyasının (REA) A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunda (İPİ) təcrübəçi, aspirant, kiçik elmi işçi, böyük elmi işçi, sektor müdiri, həllərin seçimi və analizi laboratoriyasının müdiri işləyib.

F.Ələsgərov 1981-ci ildə REA İPİ-də “sosial və iqtisadi sistemlərdə idarəetmə” ixtisası üzrə “İnterval seçim” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə “Lokal aqreqatlaşdırma modelləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

F.Ələsgərov Avropa ölkələrinin və ABŞ-ın bir çox universitetlərində, məsələn, Kaliforniya Texnologiya Universitetində (1992, 1994-1995, Pasadena, ABŞ), Bosfor Universitetində (1995-2001, İstanbul, Türkiyə), “Paris I” Universitetində (2002, Fransa), Turku Universitetində (2004, Finlandiya), Beynəlxalq İqtisadi Tədqiqatlar Mərkəzində (2006, 2007, Turin, İtaliya) dəvətli professor işləyib. F.Ələsgərov 2003-cü ildən “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin iqtisadiyyat fakültəsində ali riyaziyyat kafedrasının müdiridir.

F.Ələsgərov həllərin qəbul edilməsi, iqtisadiyyat və psixologiya kimi fənlərin təməli olan müasir seçim nəzəriyyəsinin banilərindən biridir. O, ilk dəfə N.Viner tərəfindən nəzərdən keçirilən interval seçimi modellərini, K.Errou və E.Maskin tərəfindən tədqiq edilən klassik işləri ümumiləşdirən kollektiv seçim modellərini tədqiq edərək ümumiləşdirib.

Alim riyaziyyatda, iqtisadiyyatda və psixologiyada geniş istifadə olunan binar münasibətlərin məlum siniflərini ümumiləşdirən zəif ikitərtibli, sadə və ən sadə yarımtərtibli binar münasibətlərin yeni siniflərini müzakirəyə çıxarıb.

F.Ələsgərov 30-dan çox universitetdə, o cümlədən Harvard, MIT, Stanford, Merilend universitetlərində, Rays və La Sapienza universitetlərində, Avropa Universitetinin İnstitutunda, London İqtisadiyyat Məktəbində və s. məruzələrlə çıxış edib.

O, informatika, seçim nəzəriyyəsi, aqreqatlaşdırma nəzəriyyəsi, mikroiqtisadiyyat, makroiqtisadiyyat, bank işi, siyasi proseslər nəzəriyyəsi üzrə 150-dən çox məqalənin və 9 kitabın - “Variantların seçimi (nəzəriyyənin əsasları)” (M.Ayzerman ilə birlikdə), “Seçkilər. Səsvermə. Partiyalar” (P.Ordeşukla birlikdə), “Seçim nəzəriyyəsi” (M.Ayzerman ilə birlikdə ingilis dilində), “Errounun aqreqatlaşdırma modelləri” (ingilis dilində), “Seçkilərdən koalisiyaya doğru: siyasi qərarlar necə qəbul olunur” (X.Ersel, Y.Sabunçu ilə birlikdə türk dilində), “Faydalılığın maksimallaşdırılması, seçim və üstünlük” (B.Monjarde ilə birlikdə ingilis dilində), “Binar münasibətlər, qraflar və kollektiv qərarlar” (E.Xabin, D.Şvarts ilə birlikdə), “Rusiya parlamentində təsir və struktur sabitliyi” (1905-1917 və 1993-2005) (N.Blaqoveşşenski, G.Satarov, A.Sokolova, V.Yakuba ilə birlikdə), “Bazel II riyazi modellərinin analizi” (İ.Andriyevski, H.Penikas, V.Solodkov ilə birlikdə), “Linear Algebra for Economists Springer-Verlag” (X.Ersel, D.Piontkovski ilə birlikdə) kitablarının müəllifidir.

F.Ələsgərov böyük redaktorluq işi aparır. O, “Həllərin analizi və dəstəklənməsi” monoqrafiyalar seriyasının redaksiya şurasının sədri, “İctimai seçim nəzəriyyəsi və praktikası” preprintlər seriyasının redaktorudur. Bir sıra məşhur kitabların – A.Senin “Etika və iqtisadiyyat haqqında” (1996), S.Brams və A.Teylorun “Ədalətlə bölürük, yaxud hər kəsə uduş zəmanəti” (2002), K.Errounun “Kollektiv seçim və fərdi dəyərlər” (2004) kitablarının rus dilinə tərcümələrinin elmi redaktoru olub.

F.Ələsgərov “Avtomatika i telemexanika”, “Ekonomiçeskiy jurnal VŞE”, “Problemı upravleniya”, “Politiya”, “Mathematical Social Sciences”, “Political Studies (TBF)”, “Modelirovaniye v cosialno-politiçeskoy sfere”, “Biznes-informatika” və s. kimi bir neçə beynəlxalq və Rusiya jurnallarının redaksiya heyətinin üzvüdür.

Onun rəhbərliyi ilə tətbiqi xarakterli bir sıra mühüm layihələr həyata keçirilib: Moskva regionunun inkişafının riyazi modelləşdirilməsi (1985-1986), Yaroslavl vilayətində ekoloji vəziyyətin qiymətləndirilməsi (1988), “Rossiya” informasiya sistemi (1991), regional vəziyyətin təhlili (Rusiyanın 12 regionu üçün yaradılan “Region” informasiya sistemi) (1991-1994), şəhərin inkişafının təhlili (Rusiya və MDB ölkələrinin 8 şəhəri üçün) (1991-1995), əhalinin dairədəki (Şişli, İstanbul) yaşayış şəraitindən məmnunluq dərəcəsinin qiymətləndirilməsi və s.

F.Ələsgərov S.İ.Vavilov adına Elmi Cəmiyyətin birinci mükafatına (1986), Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına (1989), Popov adına Elmi Cəmiyyətin birinci mükafatına (1989), elmdə nailiyyətlərinə görə “Ali İqtisadiyyat Məktəbi” nin “Qızıl Vışka” mükafatına (2004), “Ali İqtisadiyyat Məktəbinin” I dərəcəli fəxri nişanına (2013), II dərəcəli “Vətən qarşısında xidmətlərə görə” mükafatına (2013) və s. layiq görülüb. 2011-ci ildə F.Ələsgərova “Rusiya Federasiyasının fəxri elm və texnika işçisi” adı verilib. Professorun adı “Who is Who in Russia” nəşrində qeyd olunub.