GÖRKƏMLİ ALİMLƏR

Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi

Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyul ayının 17-də Bakı şəhərində anadan olub və Azərbaycanın ilk qadın heykəltəraşı Zivər Məmmədovanın ailəsində boya-başa çatıb. O, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirdikdən sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ.Repin adına Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə qəbul olunub.

Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi başlayan Tokay Məmmədov 1958-ci ilədək burada çalışmışdır. O, 1966-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rəsm” kafedrasının müəllimi, 1988-1992-ci illərdə “Heykəltəraşlıq” kafedrasının müdiri, 1992-2001-ci illərdə həmin kafedranın professoru vəzifələrində işləmişdir. Tokay Məmmədov 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” kafedrasının professoru olmuşdur.

Tokay Məmmədov 1952-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətində məsul vəzifələr tutmuş, 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. O, 1975-ci ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olmuşdur.

Azərbaycan təsviri sənətini zənginləşdirən qiymətli əsərləri ilə Tokay Məmmədov milli mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmişdir. O, müxtəlif janrlarda yaratdığı əsərləri ilə ölkəmizin heykəltəraşlıq tarixinə parlaq səhifələr yazmışdır. Sənətkar Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını monumental abidələrə çevirərək mədəniyyət xəzinəmizi daha da zənginləşdirmişdir. Onun sənətin əbədi mövzularını bütün dərinliyi ilə əks etdirən əsərləri Azərbaycan heykəltəraşlığının mükəmməl nümunələridir.

Tokay Məmmədov 1953-cü ildə ilk dəfə ağacdan dahi Nizami Gəncəvinin təsvirini yonub. Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə T.Məmmədov istifadə edib. Onun yaratdığı ağac portretlərdə yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqəti cəlb edir. Bu qəbildən onun “Səməd Vurğun”, “Xalq rəssamı Qəzənfər Xalıqov”, “Nəriman Nərimanov”, uzunömürlü azərbaycanlı “Şirəli Müslümov” və başqa əsərlərini qeyd etmək olar.

Heykəltəraş T.Məmmədovun yaratdığı portretlər qalereyasında, həmçinin mərmər, tunc, gips materiallardan hazırlanmış əsərlər var ki, sənətkar onlarda xarici görünüşlə daxili psixoloji keyfiyyətləri vəhdətdə verməyə nail olub. Bu baxımdan “Üzeyir Hacıbəyli”, “Rüstəm Mustafayev”, “Vəcihə Səmədova”, “Süleyman Rəhimov”, “F.Şopen”, “V.A.Motsart” və “Koroğlu” büst portretlərini qeyd etmək olar.

Heykəltəraşın yaradıcılığı monumental əsərlərlə zəngindir. Tokay Məmmədov heykəltəraşlığın qabartma sahəsində də yaddaqalan nümunələr yaradıb. Bunlardan ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Mərmərdən yaradılan bu əsərdə qəhrəman bir əlində qumbara tutmuş vəziyyətdə təsvir edilib. Heykəltəraşın gənclik illərində yaratdığı bu əsər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilərək yüksək qiymətə layiq görülüb.

T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mirmöhsün Nəvvabın, Azərbaycan vokal məktəbinin banisi Bülbülün qəbirüstü abidələrini T.Məmmədov yaradıb.

Tokay Məmmədov 1971-1975-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi ictimai fəaliyyətlə də məşğul olub.

Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olub və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin mükafatları ilə təltif edilib. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Tokay Məmmədov 2018-ci il mayın 2-də vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.