GÖRKƏMLİ ALİMLƏR

Azıx insanını bütün dünyaya tanıdan alim

Azıx insanını bütün dünyaya tanıdan alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Dəmir Vahid oğlu Hacıyev 1929-cuildə Qax rayo­nu­nun İlisu kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Univer­siteti) Pediat­riya fakültəsini bitirmişdir. 

D.Hacıyev 1961-ci ildə “Eldar bozqırı­mın üst sar­mat hipparion faunası” mövzu­sun­da nami­zəd­lik dissertasiyasını müdafiə etmiş və bu işinə görə D.Hacıyev biolo­giya üzrə elm­lər doktoru elmi dərəcəsinə layiq görülmüş­dür. 1963-cü ildə Azərbay­can Dövlət Univer­sitetinin (indiki Bakı Dövlət Universiteti) Onurğalılar zoologiyası kafedra­sında professor vəzifə­sinə seçilmiş, 1964-cü ildə professor elmi adını almış­dır. 1972-ci ildə Azərbaycan Elmlər Akade­mi­yasının müxbir üzvü seçilmişdir.

D.Hacıyev əmək fəaliyyətinə 1952-ci ildə Krım vilayətinin Morfovka rayon xəs­təxa­nasında həkim vəzifəsində başlamışdır. 1954-cü ildə AMEA-nın H.Zər­dabi adına Təbiət tarixi muzeyinə dəvət edilmiş və burada kiçik elmi işçi, elmi katib və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1964-cü ildə Azər­baycan Dövlət Tibb İnstitu­tunun Ümumi biologiya kafedrasının müdiri vəzi­fəsinə seçilmişdir və həmin ildən institutun elmi işlər üzrə prorektoru, AR Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri vəzifələrində çalışmışdır. 1968-1970-ci illərdə Geolo­giya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) Paleobiologiya sekto­runa, 1971-ci ildən isə Təka­mül paleontologiyası labo­ratoriyasına rəh­bərlik et­mişdir. 1996-cı ildə Ali Attesta­siya Komissiyasında (AAK) Biologiya üzrə İxtisaslaş­dırılmış şuranın sədri vəzifə­sində çalışmışdır.

D.Hacıyevin elmi tədqiqatlarının sаhəsi paleontologiya, paleobiolo­giyа, paleote­ra­to­logiya və paleopatologiyanın bir çox istiqamətlərini əhatə edir. Alim uzun müd­dət Avrasiyanın miosen faunasını (hipparion) tədqiq etmişdir. Qədim məməlilərin yeni cins və növlərini təsvir etmiş, Azıx mağa­rasında çoxtəbəqəli qədim insan dü­şərgəsini öyrənmişdir. Onun rəhbərliyi altında müqayisəli osteo­logiya, miologiya, odontologiya və arxeozoologiya üzrə tədqiqatlar aparılmışdır. Diş aparatının və skelet sümüklərinin makro və mikrostrukturuna əsasən məməlilərin fərdi yaşının təyin olunmasının kompleks üsulunu işləyib hazırlamışdır.

60-cı illərdə M.Hüseynov tərəfindən Dağlıq Qarabağın cənubunda aş­kar edil­miş qədim insan məskəninin öyrənil­məsində, dünya miqyasına qal­dırılmasında D.Hacı­yevin böyük rolu olmuşdur. O, Azıx mağarasının 5-ci təbə­qəsində aşkar edilən daş alətlərin Orta Aşel mədəniyyətinə mənsub olduğunu təsdiqləmişdir. Alimin təsdiqinə görə, həmin təbəqədə tapılan ibti­dai insanın alt çənəsi isə 20-22 yaşlı qadına məx­susdur. Tapıntı Milli Azərbaycan Tarix Muzeyinin Qızıl fon­dunda saxlanılır.

Azərbaycanın Əməkdar elm xadimi D.Hacıyev 120-dən çox elmi işin, o cümlədən 12 monoqrafiya və dərsliklərin müəllifidir.

Onun rəhbərliyi ilə 3 elmlər doktoru və 12 fəlsəfə doktoru yetişdiril­miş­dir. Elmi tədqiqatlarla yanaşı, Azərbaycan Tibb Universiteti və Azərbay­can Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

D.Hacıyev bir sıra xarici akademiyaların və elmi cəmiyyətlərin üzvü olmuş­dur. 1970-ci ildə “Fədakar əməyə görə” medalı, 1971-ci ildə “Qırmızı Əmək Bay­rağı” ordeni, 1972-ci ildə Əməktar elm xadimi fəxri adını almışdır, 1983-cü ildə Akademik N.İ.Vavilov adına qızıl me­dal, 1996-cı ildə ekologiya üzrə Akademik H.Ə.Əliyev adına diplom və mükafatla təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Dəmir Hacıyev 1999-cu ildə Bakıda vəfat etmişdir.