GÖRKƏMLİ ALİMLƏR

Res­publikada petroqrafiya məktəbinin əsasını qoyan alimlərdən biri

Res­publikada petroqrafiya məktəbinin əsasını qoyan alimlərdən biri

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Şamil Əbdülrəhim oğlu Əzizbəyov 1906-cı ildə Aşqabad şə­hə­rində anadan olmuşdur. 1930-cu ildə mü­həndis-geoloq ix­ti­­sası üzrə Azərbaycan Poli­texnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirmişdir.

Ş.Əzizbəyov 1934-cü ildə “Gəncəçay və Qoşqarça­yın orta və aşağı axım hövzə­lərinin dağ sü­xur­ları və faydalı qazıntıları” mövzusunda dis­sertasiya işini müdafiə edə­rək fəlsəfə dok­toru, 1943-cü ildə isə “Kiçik Qafqazın şimal-şərq hissəsinin filiz zonasının petrologiyası” mövzusunda dissertasiya işini müdafiə edə­rək elmlər doktoru elmi dərəcələrini almışdır. 1945-ci ildə Azər­baycan Elm­lər Akademiyasının (AEA) 15 təsisçidən biri olmuş və akademi­yanın həqiqi üzvü, Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir.

Ş.Əzizbəyov əmək fəaliyyətinə Zaqafqaziya geoloji trestində və Zaqafqaziya nadir metal kəşfiyyatı partiyalarında  başlamışdır.

Ş.Əzizbəyov 1932-ci ildən Azərbaycan Sənaye İnstitutunda (indiki ADNSU) peda­qoji fəaliyyətlə məşğul olmuşdur. 1936-cı ildən SSRİ Elmlər Akademiya­sının Azərbaycan Filialında işləmişdir. 1938-1941-ci illərdə Geologiya İnstitutun­da Petroqrafiya şöbəsinə rəhbərlik etmiş və institutun direktor müavini vəzifə­sində işləmişdir. 1941-1944-cü illərdə SSRİ EA-nın Azərbaycan Filia­lının Rəyasət Hey­ətinin sədr müavini seçilmişdir. Ş.Əzizbəyov 1944-1945-ci illərdə Azərbaycan KP MK-da neft üzrə katib müavini işləmişdir.

Ş.Əzizbəyov 1945-1959-cu illərdə Azərbaycan Sənaye İnstitutunda Kristal­lo­qra­fiya, mine­ralogiya və petroqrafiya kafedrasına rəhbərlik etmiş, 1959-1976-cı illərdə AMEA Rəyasət Heyətinin üzvü və Yer haqqında Elmlər Bölmə­sinin akademik-katibi olmuşdur.

Ş.Əzizbəyov res­publikada petroqrafiya məktəbinin əsasını qoyan­lardan biri olmuşdur. O, Qafqazın quruluşu və inkişafının fundamental problemlərilə məşğul olmuş, maqmatik formasiyaların petrologiyası və metallogeniyasını öyrən­miş, həm­­çinin alp maqmatizmilə filizəmələgəlmə proseslərinin qarşılıqlı qanunauy­ğun­luğunu müəyyən etmiş və vulkanik-tektonik strukturların təkamülünü öyrənmiş­dir. Alim ilk dəfə olaraq Kiçik Qafqazın orogen qranitoidlərinin pelinq xarakterini, onların vulkanogen komplekslər və metallogenik proses­lərlə tamamlanmasını müəyyən etmişdir.

Ş.Əzizbəyov 500-dən artıq elmi əsərin, o cümlədən 8 monoqrafiyanın müəllifi olmuşdur. Onun rəhbərliyilə çoxsaylı elmlər və fəlsəfə doktoru hazırlanmışdır. Ş.Əzizbəyov Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Şamil Əzizbəyov 1976-cı ildə Bakıda vəfat etmişdir.